Ata harayı: “Oğlum istedadlı qapıçı idi, amma onu məhv etdilər”

Azərbaycan istedadlı futbolçuları məhv etmək üzrə bəlkə də dünyada birinci sırada yer alır. Allsport.az saytı xəbər verir ki, bu məsələnin kökündə bir çox səbəblər var: savadsız məşqçilər, etinasızlıq, pul qazanmaq istəyi, tanışlıq, qohumbazlıq və sairə. İndi haqqında danışacağımız futbolçu isə bütün sadalananlarla yanaşı, məsuliyyətsizliyin, acgözlüyün, pulsuzluğun və hər zaman futbolumuzun üzərində qara bulud kimi dolanan daydayın olmamasının qurbanı olub. Cavid Qurbanov 2003-cü il təvəllüdlüdür, hazırda futbolsuz qalıb. 194 sm boya malik bu gənc qapıçı 16 yaşı olmasına baxmayaraq, Azərbaycan futbolunun bütün çirkinliklərin şahididir. Qolkiperin düşdüyü durumla atası İntizar Qurbanov sportfm.az-a gileylənib. Onun hər iki cümləsindən biri “uşaqlara sözüm odur ki, Azərbaycanda futbola getməsinlər” olub: “Cavid 8 yaşında futbola başlayıb. Elə doğma Ağstafada Şahin Kərimovun yanında məşqlərə qatılıb. Yeni-yeni futbola gedəndə müdafiəçi oynayırdı. 12 yaşı olanda qapıya keçdi”. 

– Sonradan Cavid “Qəbələ” akademiyasına yollanıb. Nə əcəb Bakıya yox, Qəbələyə apardınız?
– Mən onu heç yana aparmamışam. Buna imkanım da yox idi. UGİM-dəki məşqçilər “Qəbələ”yə aparmağı məsləhət bildilər. 13 yaşı olanda artıq “Qəbələ”nin bu yaş qrupu üzrə komandasının əsas qapıçısı idi. 

– Deyəsən uşaqlıqdan boyu uca olub. 
– Bəli. Görənlər yaşını deyəndə qətiyyən inanmırdı. “Qəbələ”də bir il qaldıqdan sonra Cavidi “Neftçi” öz heyətinə dəvət etdi. Qərara aldıq ki, karyerasını paytaxt klubunda davam etdirsin. 2 il orda çıxış etdi. Rayon uşağı olduğuna görə daim qalmaq yerinə görə problem yaşayırdı. Elə “Neftçi”nin özündə dedilər ki, rayon uşaqlarına 3-4 yer ayrılıb, digərlərinə qalmağa yer yoxdur.

– Yəqin ki, kirayə ev tutmağı məsləhət gördülər. 
– Vallah birincisi Bakıda kirayə ev tutmağa pulum yoxdur, ikincisi də olsa belə etməzdim. Qardaş, bu klublara uşaq futbolu üçün yüz minlərlə pullar niyə ayrılır? Hara gedir bu pullar? Əgər bir Premyer Liqa komandası bir istedadlı gənc rayon uşağını saxlaya bilmirsə, niyə fəaliyyət göstərir? 

– Cavid “Neftçi”də olanda milliyə də dəvət alıb. 
– U-15 yığmasına çağırıldı. O zaman “Neftçi”nin 15 yaşlılarını Tofiq Mustafayev çalışdırırdı. Cavid ordan yığmaya düşən yeganə uşaq idi. Bir dəfə “Neftçi” ilə Gürcüstana yollanmışdılar. Tiflis Ağstafaya yaxın olduğu üçün məndə ora getdim. Gürcülər 15 yaşında uşağın göstəricilərini görüb şoka düşmüşdülər. Mənimlə söhbətdə dedilər ki, bu uşaq Gürcüstanda olsa 2 ilə Tiflis “Dinamo”sunun əsas qapıçısı olar. 

– Sonradan oğlunuz “Keşlə”də peyda oldu. 
– “Neftçi”dən sonra “Keşlə”yə yollandıq. Keşkə heç ora getməyəydik. 

– Niyə? “Keşlə”də nə baş verdi?
– Cavidin futbol karyerasının üstündən “Keşlə”də xətt çəkdilər. Orda olanda əsas komanda ilə məşqlərə çıxırdı. Birdən-birə dedilər ki, sən bizə lazım deyilsən. Hansı ki, U-16-da oynayanda respublika çempionatının ilk dövrəsinin demək olar ki, bütün görüşlərində qapını Cavid qorumuşdu. Nə oldusa əsas komanda ilə məşqə çıxmasından sonra oldu. Uşağı gözümçıxdıya saldılar. Gedirdi əsas heyətdə məşq edirdi, gəlirdi öz komandasına ehtiyatda otururdu. Bu harda görünüb? Axırda görün uşağı nə hala saldılar ki, zəng vurub dedi ki, futbolla qurtarıram. İyrəndi futboldan. 

 Siz onun qərarına necə reaksiya verdiniz? 
– Açığı heç nə demədim. Bildirdim ki, qərar sənindir. Zorla məcbur edə bilmərəm axı. Sonra deyirik ki, Azərbaycanda niyə futbolçu yetişmir?! Ay qardaş, necə yetişsin, imkan vermirlər axı. 

– Cavid bu qərarından sonra rayona qayıtdı?
– Bəli. Ancaq elə bir müddət keçmişdi ki, 3-4 klubdan zəng vurdular, dedilər ki, Cavidi heyətimizdə görmək istəyirik. Axırda 1-ci divizionda mübarizə aparan “Zaqatala” ilə anlaşdıq. Fikirləşdik ki, ən azından əsas heyətdə çıxış edəcək, özünü göstərmək şansı qazanacaq. Cavid ora yollananda mən klub rəsmilərinə bildirdim ki, bu uşaq futbolla qurtarmaq istəyirdi, neçə vaxtdır məşq etmir. Nə isə, klubla müqavilə bağladıq, “Zaqatala”dan bildiridilər ki, ayda 300 manat maaş alacaq. Razılaşdıq. Aradan 10 gün keçdi zəng vurdular ki, 250 verə bilirik. Fikirləşdik ki, əsas pul deyil, təki oynasın. Biabırçılıqdır, bir həftə sonra uşaq mənə yığdı ki, ata indidə 150 manat verirlər. Dedim bala, olsun. İnanırsınız ki, mən hələ belə şey görməmişəm. Çempionatın başlamasına 5 gün qalmış klubdan dedilər ki, bizim pulumuz yoxdur, Cavid qalsın heyətdə, amma pulsuz oynasın. Uşağı göz görə-görə sındırdılar. Cavid bu dəfə qəti şəkildə futboldan getməyi qərarlaşdırdı. Neynəsin, yazıq uşaq?! Başına min oyun açdılar. Mənim oğlumu odun içinə atdılar. Azərbaycanda nə qədər belə balalar yazıq olur. Sonda üzümü valideynlərə tutub demək istəyirəm ki, uşaqlarınızı imkan olan kimi Azərbaycandan çıxarın. Burda qalsalar heç nəyə nail olmayacaqlar, həm də savadsız qalacaqlar. 

 

Həmin kateqoriyadan