İLK
Avarçəkənimiz dünya çempionatının finalında

Akademik avarçəkmə üzrə Azərbaycan milli komandasının lideri Aleksandr Aleksandrov karyerasında ilk dəfə ustalar arasında dünya çempionatının finalına vəsiqə qazanıb. Allsport.az saytı xəbər verir ki,  24 yaşlı avarçəkənimiz bu uğura Hollandiyanın paytaxtı Amsterdamda keçirilən mundialda edib. 

Aleksandrov 1 nəfərlik qayıqla (M1x) 2000 metr məsafəyə yarımfinal yürüşündə finişə 6 dəqiqə 45,590 saniyəyə çataraq, 3-cü yeri tutub. Çexiyalı Andrey Sinek (06:41.580) birinci, litvalı Mindauqas Qrişkauskas (06:43.640) ikinci olub. İlk “3-lüy”ə düşdüyündən, təmsilçimiz Sinek və Qrişkonislə birgə əsas finala yüksəlib. Digər yarımfinal yürüşündən isə həlledici mərhələyə almaniyalı Marsel Hakker (06:39.060), yeni Zelandiyalı Meyh Drizdeyl (06:44.420) və kubalı Anxel Furnier Rodriges (06:48.520) adlayıb. Əsas final yürüşü avqustun 31-də Bakı vaxtı ilə saat 17:03-də başlanacaq. Avarçəkənimiz 1-ci yürüş zolağında yer alacaq. 

Aleksandrov 5-ci yeri tutduğu 2012-ci il London Yay Olimpiya Oyunlarında bu rəqiblərdən Drizdeyl, Sinek və Hakkerlə həlledici yürüşdə mübarizə aparıb. Həmin vaxt finişə 7 dəqiqə 9,420 saniyəyə çatan təmsilçimiz 5-ci olub. İlk 2 yeri yeni zelandiyalı və çexiyalı rəqibləri tutsa da, idmançımız almaniyalını üstələməyi bacarıb. Rodriges və Qrişkonis isə 7-8-ci yerlərlə kifayətləniblər. Amma ötənilki dünya çempionatında Aleksandrov 7-ci olduğu halda, Sinek qızıl, Rodriges gümüş, Hakker bürünc medala yiyələnib. 

Amsterdamdakı dünya çempionatında mübarizə aparan digər təmsilçilərimizə gəldikdə, İqor Luçiç – Luka Corceviç dueti 2 nəfərlik sükansız qayıqla (M2-) ümumi sıralamada 13-cü yer uğrunda mübarizəyə imkan verən C yarımfinalında 2000 metr məsafəyə yürüşdə 6 dəqiqə 56,750 saniyə nəticə ilə 1-ci, C finalında 6 dəqiqə 28,800 saniyə göstərici ilə 2-ci yeri tutaraq, çempionatı 14-cü pillədə başa vurub. 

1 nəfərlik yüngül çəkili qayıqla (LM1x) 2000 metr məsafəyə yarımfinal yürüşündə isə Cavid Əfəndiyev finişə 7 dəqiqə 19,620 saniyəyə çataraq, 4-cü yeri tutub və ümumi sıralamada ilk “18-lik”dən kənarda qalıb. Əvəzində o, 7 dəqiqə 4,360 saniyə nəticə ilə D finalının qalibi olaraq, çempionatı 19-cu pillədə başa vurub.

Həmin kateqoriyadan