Avropa çempionatı-2020-də Bakı və Roma şərikliyi

Avropa çempionatı-2020-nin açılış oyunu Romanın “Olimpiko” stadionunda keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu barədə Aleksander Çeferin məlumat verib. UEFA prezidentinin sözünə görə, “A” qrupunun oyunlarını İtaliya paytaxtı ilə yanaşı, Bakı da qəbul edəcək.

Sankt-Peterburq (Rusiya) və Kopenhagendə (Danimarka) “B”, Amsterdam (Niderland) və Buxarestdə (Rumıniya) “C”, London (İngiltərə) və Qlazqoda (Şotlandiya) “D”, Bilbao (İspaniya) və Dublində (İrlandiya) “E”, Münxen (Almaniya) və Budapeştdə (Macarıstan) “F” qrupunun görüşləri olacaq.

Final mərhələsinə yüksələcək ölkənin millisi Avropa çempionatının təşkilatçılarından olsa, bu komanda qrup mərhələsinin ən azı, 2 oyununu öz meydanında keçirəcək. Belçikanın paytaxtı Brüssel təşkilatçı şəhərlər siyahısından çıxarılıb. Buna səbəb, Milli stadionun inşasının ləngiməsidir. Əvəzində, qrup matçlarını Londonda “Uembli” stadionu qəbul edəcək.

Bu arenada qrup mərhələsinin oyunlarından əlavə, 1/8 final, yarımfinal və final oyunları təşkil olunacaq. Bakıda isə qrup mərhələsinin 3 görüşündən əlavə, 1/4 final oyunlarından 1-i nəzərdə tutulub.

AÇ-2020 həmin ilin iyun-iyul aylarında keçiriləcək. Dəqiq tarix isə hələ bəlli deyil. Qeyd edək ki, AÇ-2020-nin Azərbaycan paytaxtında oyunları Bakı olimpiya stadionunda baş tutacaq.

Həmin kateqoriyadan