Avropa çempionatına 100 gün qalma münasibəti ilə tədbir keçirilib

Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi edəcəyi qadın voleybolu üzrə Avropa çempionatına 100 gün qalması qeyd olunub. Allsport.az saytı xəbər verir ki, qitənin ən güclülərinin yarışı sentyabrın 22-dən oktyabrın 1-dək keçiriləcək. Gürcüstanda cəmi bir qrupun görüşləri və 1/4 final oyunları olacaq. Digər üç qrupun görüşlərindən biri Göygöldə, ikisi isə Bakıda keçiriləcək. Yarımfinal və final görüşləri də Bakıda baş tutacaq.

Azərbaycan millisi “A” qrupunda Almaniya, Polşa və Macarıstan yığma komandaları ilə birgə mübarizə aparacaq. “B” qrupunda Gürcüstan, İtaliya, Xorvatiya və Belarus yığmaları yarışacaq. Rusiya, Türkiyə, Bolqarıstan və Ukrayna milliləri “C”, Serbiya, Niderland, Belçika və Çexiya yığmaları isə “D” qrupunda güclərini sınayacaqlar.

Çempionata ev sahibliyi edən Azərbaycan və Gürcüstan, həmçinin “Avro-2015”in mükafatçıları Rusiya, Niderland, Serbiya, eləcə də ilk beşlikdə qərarlaşan Türkiyə və Almaniya mötəbər yarışa birbaşa final mərhələsindən başlayacaqlar.

İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus çempionata ikinci seçmə mərhələdən, Çex Respublikası, Ukrayna və Macarıstan isə pley-offdan qoşulacaqlar.

Həmin kateqoriyadan