Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan komandalar

2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanan son iki komandanın adına aydınlıq gəlib. Allsport.az xəbər verir ki, bunlar ötən gün baş tutan seçmə mərhələnin son turunda qələbə qazanan Xorvatiya və Türkiyə yığmaları olub.

Xorvatiya millimizin də yer aldığı “H” qrupunda ikinci yeri tutmaqla belə uğur qazanıbsa, Türkiyə öz qrupunda üçüncü yeri tutmaqla final mərhələsinə vəsiqə qazanıb. Çünki bütün qruplar üzrə ən yaxşı üçüncü yerin sahibi məhz qardaş ölkənin bir nömrəli komandası olub.

Qeyd edək ki, meydan sahibi Fransadan əlavə daha öncə İngiltərə, Şimali İrlandiya, Portuqaliya, İslandiya, Çexiya, Avstriya, İspaniya, İsveçrə, İtaliya, Belçika, Uels, Albaniya, Almaniya, Polşa, Rumıniya, Rusiya, Slovakiya da AÇ-nin final mərhələsində oynamaq şansı qazanmışdı.

Artıq AÇ-yə son dörd vəsiqə uğrunda pley-off mərhələsində mübarizə aparacaq yığma komandalar da bəllidir. Bunlar İrlandiya, Danimarka, Ukrayna, İsveç, Sloveniya, Macarıstan, Bosniya və Herseqovina, eləcə də Norveçdir.

Həmin kateqoriyadan