Avropa gənclər olimpiya festivalının başlanmasına 1 il qaldı

Gələn ilin iyulun 21-də paytaxtda keçiriləcək Avropa gənclər olimpiya festivalına geri sayım başlayıb. Allsport.az saytı xəbər verir ki, şəhərin mərkəzi küçələrindən birində geri sayımı göstərəcək saat quraşdırılacaq. Tədbirin açılışı “Büllur” sarayda baş tutacaq və rəqabət 6 gün davam edəcək. Yarışlarda iştirak üçün Bakıya qitənin 50 ölkəsindən 2 min idmançı, 1500-dən artıq nümayəndə heyəti, ümumilikdə, 4 minədək qonağın gələcəyi gözlənilir.

İdmançılar 10 növdə (əsas 9, ev sahibi olan ölkəyə əlavə 1 idman növü verilir: atletika, basketbol, velosiped, idman gimnastikası, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, yunan Roma və sərbəst güləş), 12 idman qurğusunda, 13 proqram üzrə mübarizə aparacaqlar.

Festivala ev sahibliyi edən ölkə bütün yarışlarda əvvəlcədən təsnifat mərhələsi olmadan iştirak etmək hüququnu qazanır. Gənclərə olimpiya hərəkatını tanıtmaq, olimpiya dəyərləri və ideallarını öyrətmək məqsədilə 1990-cı ildə Avropa Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roq tərəfindən Avropa gənclər festivalını keçirmək təklifini irəli sürüb. Festival 14-18 yaşlı gənclər arasında Avropa atletləri üçün yüksək səviyyəli çox idman növlü tədbirdir. İlk dəfə festival 1991-ci ildə Belçikanın paytaxtı Brüsseldə keçirilib.

Tədbir 2 ildə bir dəfə, cüt deyil, tək illərdə qışda və yayda keçirilir. Avropa gənclər olimpiya festivalı Avropa Olimpiya Komitəsinə aiddir və Beynəlxalq Olimpiya Komitəsinin himayəsi ilə Avropa Olimpiya Komitəsi adından təşkil olunur. Festival digər qitələrdə keçirilən Asiya gənclər oyunları yaxud Panama gənclər oyunlar kimi ənənəni, həmçinin Avropada davam etdirmək imkanını yaradır.

İyulun 10-da yarışa hazırlıq işləri ilə daha yaxından tanış olmaq üçün Avropa Olimpiya Komitəsi Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Visaçki, Əlaqələndirmə Komissiyasının üzvü, İslandiya Milli Olimpiya Komitəsinin baş katibi xanım Liney Rut Xalldorsdottir və Əlaqələndirmə Komissiyasının üzvü, Bosniya və Hersoqovina Milli Olimpiya Komitəsinin baş katibi Said Fazlaqiç Bakıda səfərdə olublar. Toplantı zamanı festivala hazırlıqla bağlı təşkilat komitəsinin gördüyü işlər, idman yarışlarının cədvəli, Atletlər kəndindəki vəziyyət, Milli Olimpiya komitələri arasında əlaqələrin qurulması, könüllülərin yarış proqramı və digər mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə edilib. Bununla yanaşı, qonaqlar Bakıda olduqları müddətdə Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, İdmançılar kəndi və bir sıra idman qurğularında da olublar.

Həmin kateqoriyadan