Avropa gənclər olimpiya festivalına 200 gün qalır

Bu il Bakıda Avropa gənclər olimpiya festivalının başlamasına 200 gün qalır. Allsport.az saytı xəbər verir ki, tədbirin açılışı iyulun 21-də təşkil olunacaq. İyulun 27-dək davam edəcək mötəbər idman yarışına qitənin 50 ölkəsindən 2 mindən çox idmançı və 1500-dən artıq nümayəndə qatılacaq. Yarışlar 10 idman növü üzrə – bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş üzrə 12 qurğuda keçiriləcək. Festivalın təşkilinə 2500-dən çox könüllü cəlb olunacaq.

Avropa gənclər olimpiya festivalının 2019-cu ildə Bakıda keçirilməsinə hazırlıqla əlaqədar prezident İlham Əliyevin 2018-ci il 15 may tarixli sərəncamı ilə təşkilat komitəsi yaradılıb. Mötəbər yarışın başlanmasına bir il qalması münasibətilə ötən ilin iyulunda festivalın rəsmi loqosu təqdim edilib. Loqo dostluq, ədalətli oyun və tolerantlıq ruhunu gücləndirən müasir, dinamik və çevik brendi əks etdirir.

Bakının irs və mədəniyyətini (od və qədim Azərbaycan naxışı olan butanı), birlik və dostluq konsepsiyalarını özündə ehtiva edən loqo, eyni zamanda, Azərbaycan paytaxtının möhtəşəm müasir memarlıq nümunələrini (Alov qüllələri və Heydər Əliyev Mərkəzini) təsvir edir. Parlaq rəngləri canlandıran bu loqo yarışlara qatılacaq hər bir iştirakçının müsbət enerjisi və Bakının çoxşaxəli gözəlliyini təsvir etdirən əhatəli çalarlar palitrasından ibarətdir.

Avropa gənclər olimpiya festivalının ideyası gənclərə olimpiya hərəkatını tanıtmaq, olimpiya dəyərləri və ideallarını aşılamaq məqsədilə Avropa Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roq tərəfindən 1990-cı ildə irəli sürülüb. Festival 14-18 yaşlı avropalı gənc idmançılar üçün yüksək səviyyəli çoxnövlü idman turniridir. Birinci festival 1991-ci ildə Brüsseldə keçirilib. Bu idman tədbiri iki ildən bir qışda və yayda təşkil edilir. BOK-un himayəsi ilə AOK tərəfindən keçirilən festivala ev sahibliyi edən ölkə bütün yarışlarda təsnifat mərhələsi olmadan iştirak hüququ qazanır.

Həmin kateqoriyadan