Avropa gənclər yay olimpiya festivalınin medalları təqdim edilib

Avropa gənclər yay olimpiya festivalında təqdim olunacaq medallar nümayiş olunub. Allsport.az saytı xəbər verir ki, özəl olaraq hazırlanmış medal dəsti Avropa milli olimpiya komitələrinin nümayəndə heyətinin rəhbərləri üçün təşkil olunmuş toplantıda gənclər və idman naziri Azad Rəhimov tərəfindən təqdim olunub.

Mərkəzində Bakı-2019-un loqosu əks olunmuş qızıl, gümüş və bürünc medalların dizaynı Bakının irs və mədəniyyətini, eləcə də birlik və dostluq konsepsiyasını birləşdirən təsvirlərə əsaslanır. Od və Azərbaycan paytaxtının möhtəşəm müasir memarlıq abidələrindən olan Alov qüllələri və Heydər Əliyev mərkəzinin görünüşünü özündə əks etdirir.

Medalın digər üzündə isə Avropa olimpiya komitəsinin emblemi əks olunub. Medallar “Azərsuvenir” MMC tərəfindən “Bakı-2019” Avropa gənclər yay olimpiya festivalının əməliyyat komitəsinin dizayn komandası ilə əməkdaşlıq şəraitində hazırlanıb.

Bu festivalında 135 mükafatlandırma mərasimi keçiriləcək. Yarışlarda idmançılar 298 dəst medal uğrunda yarışacaq.  Təqdim olunan medalların dizaynı barədə danışan Azad Rəhimov deyib: “Oyunların başlanmasına qısa vaxtın qaldığı dövrdə medalların təqdimatı çox önəmli hadisədir. Onlar baş tutacaq festivalın üç vacib dəyərini özlərində əks etdirir – yenilik, keyfiyyət və şəffaflıq”. O, hədiyyə medal dəstini təntənəli sürətdə Corce Visaçkiyə təqdim edib.

Avropa olimpiya komitəsi əlaqələndirmə komissiyasının rəhbəri öz növbəsində, qeyd edib: “Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalının rəsmi medallarını görməkdən böyük məmnunluq hissi duyuruq. Hər bir idmançı üçün mükafat onun uğur və qələbələrinin simvolu olaraq əbədi qalır. Biz bütün idmançıların olimpiya dəyərlərini bölüşdüyünə və onların bir daha Azərbaycandan öz evlərinə, ölkələrinə uğurlarının böyük sevinc hissini, həmçinin dostluq, dözümlülük və sülh mesajlarını aparacaqlarına böyük inam bəsləyirik”.

Həmin kateqoriyadan