Avropa liqasının Bakı finalına müşayiətçi uşaqlar seçilib

Mayın 29-da Bakı olimpiya stadionunda Avropa liqasının finalında maraqla gözlənilən məqamlardan biri də komandaların üzvləri ilə birgə meydana çıxacaq, futbolçuları paltardəyişmə otaqlarının dəhlizindən yaşıl meydana qədər müşayiət edəcək uşaqların seçim prosesidir.

Allsport.az saytı xəbər verir ki, artıq bu istiqamətdə görülən işlər yekun mərhələdədir. 4-cü ildir Avropa liqasının gənclər proqramı üzrə rəsmi tərəfdaşlarından olan “Fedex” beynəlxalq yükdaşıma şirkətinin əməkdaşlığı ilə gənclər proqramına aztəminatlı və məcburi köçkün ailələrindən 22 azyaşlı qız (10-12 yaşarası) cəlb olunub. Həmin uşaqların bəziləri AFFA-nın “Məktəblərdə futbol dərsi” layihəsinin iştirakçıları, digərləri isə AFFA-nın təşkilatçılığı ilə keçirilən U-13 qızlar lıqasında mübarizə aparan komandaların üzvləridir.

Martın əvvəllərində “Fedex” şirkətinin xüsusi çəkiliş qrupu layihəyə cəlb edilmiş qızların futbola maraq və istəklərini işıqlandırmaq məqsədilə videoçarxın çəkilişlərini aparıb, müsahibələr alıb.

Beləliklə, mayın 29-da Bakı olimpiya stadionunda keçiriləcək final oyunu təkcə qarşılaşmanın təşkilatçıları, azarkeşləri, rəsmi şəxsləri və finalçı komandaların üzvləri üçün deyil, eləcə də futbolçuların əlindən tutaraq onları yaşıl meydana qədər müşayiət edən uşaqlar üçün də xüsusi və unudulmaz olacaq.

Həmin kateqoriyadan