Avropa Millətlər Kuboku: “sərbəstlər” 2-ci, “klassiklər” 3-cü oldu

Bu gün Moskvada güləş üzrə Avropa Millətlər Kuboku başa çatıb. Allsport.az saytı xəbər verir ki, komanda yarışıda Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Belarus, Macarıstan, Bolqarıstan, İsveç milliləri iştirak ediblər.

Reqlamentə əsasən, seçmə kollektivlər 2 yarımqrupda mübarizə aparıblar. Püşkatmada sərbəst güləşçilərimiz Türkiyə ilə eyni yarımqrupda çıxış edib. Bahadırlarımız burada 6:2 hesablı qələbə qazanaraq, finala yüksəliblər. Digər yarımqrupda Rusiya, Belarus və Ukrayna güləşçiləri yarışıblar. Komandamız finalda meydan sahibi ilə qarşılaşıb. Millimiz 2:6 uduzaraq, turniri 2-ci sırada tamamlayıb.

“Sərbəstlər”in heyətində baş məşqçi Saypulla Absəidov rəhbərliyi ilə Mahmud Məhəmmədov, Mircəlal Həsənzadə (hər ikisi – 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Nurməhəmməd Hacıyev, Aleksandr Qostiyev (86 kq), Aslanbəy Alborov (97 kq) və Aslan Cəbişov (125 kq) yer alıblar.

Yunan-Roma güləçilərimiz Rusiya və Bolqarıstanla eyni yarımqrupda rəqabət aparıblar. Bolqarıstanla gərgin keçən görüş 4:4 hesabı ilə başa çatıb. Daha keyfiyyətli fəndlərə və xal hesabına görə, qələbə yığmamıza verilib. Növbəti görüş ev sahibinə qarşı olub – Rusiya 6:2 qalib gəlib. Türkiyə, Ukrayna və Macarıstan pəhləvanları digər yarımqrupda çıxış ediblər. Öz yarımqrupunu 2-ci sırada bitirən millimiz, Macarıstan güləşçiləri ilə bürünc medal görüşünə çıxıb. 6:2 hesablı qələbə ilə yığmamız Avropa Millətlər Kubokunu 3-cü sırada tamamlayıb.

Baş məşqçi Cəmşid Xeyrabadi heyətinə 10 nəfəri daxil edilib: Rövşən Bayramov, Elman Muxtarov (59 kq), Kamran Məmmədov (66 kq), Azad Əliyev (71 kq), Rüstəm Əliyev (75 kq), Elvin Mürsəliyev (80 kq), Rafiq Hüseynov, Şəhriyar Məmmədov (85 kq), Araz Həsənov (98 kq) və Sabah Şəriəti (130 kq).

Həmin kateqoriyadan