Avropa Olimpiya Komitəsi Bakı-2015-in birinci ildönümünə yeni loqosunu təqdim edib

“Birinci Avripa Oyunları növbəti yarışlara nümunə olacaq standart və konsepsiyaları müəyyənləşdirdi”. Allsport.az saytı xəbər verir ki, bu fikri AOK-un prezidenti Patrik Hikki Bakı-2015-in birinci ildönümü münasibətilə hazırladığı yeni loqosunun təqdimatında deyib.

Avropa Olimpiya Komitəsi bu oyunlarla bağlı yeni loqotipi təqdim edib. Loqotip komitənin bütün əsas tədbirləri, o cümlədən növbəti Avropa Oyunları və Avropa Gənclərinin Olimpiya Festivalında istifadə olunacaq. Burada 17 gün davam edən “Bakı-2015”in yaddaqalan anları mozaika formasında əksini tapıb. Onların arasında Azərbaycan idmançılarından qadın güləşçi Mariya Stadnikin qələbə sevinci də yer alıb.

Patrik Hikki bu barədə deyib: “Birinci Avropa Oyunları qitə idmanında əlamətdar an idi. Burada dünya və Olimpiya çempionları cəlbedici, çiçəklənən və gənc nəslin birinci dərəcəli idmançıları mübarizə aparırdı. “Bakı-2015” bu Oyunların yüksək standartını müəyyən etdi, 2019-cu və 2023-cü illərdə keçiriləcək Oyunlar üçün ən yüksək obrazını müəyyənləşdirdi. Bu yarış həm də qitə idmançılarına 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlıq üçün əla təkan oldu”.

Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya birinci Avropa Oyunlarının təşkilində vacib rollarına görə təşəkkürünü bildirən Patrik Hikki vurğulayıb: “Bakı bu Oyunlar üçün fantastik məkan idi. Lakin biz daim gələcəyə baxırıq. Bunu nəzərə alaraq, qərara gəldik ki, Avropa Olimpiya Komitəsi üçün yeni loqotip hazırlayaq. Bu gözəl mozaika Bakını əbədiləşdirəcək və qitə mədəniyyətinin keçmişlə gələcəyini əks etdirəcək”.

Xatırladaq ki, 2015-ci il iyunun 12-28-də Bakıda keçirilən birinci Avropa Oyunlarında 50 ölkədən 6 minə yaxın idmançı idmanın 20 növü üzrə mübarizə aparıb. Oyunların möhtəşəm açılış mərasimini və yarışları Avropanın 38, digər qitələrin 53 telekanalı vasitəsilə ümumilikdə 1,7 milyard insan izləyib.

Həmin kateqoriyadan