Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri “Çırağan” sarayında

Kann, Afina və Berlindən sonra “Bakı-2015” ilk Avropa oyunlarının növbəti təqdimatı noyabrın 18-də İstanbulun “Çırağan” sarayında keçirilib. Allsport.az saytı AzərTAc-a istinadən xəbər verir ki, ölkəmizin birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdimat mərasimində iştirak edib.

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə keçirilən tədbirə qardaş ölkənin ictimai-siyasi dairələrinin nümayəndələri, mədəniyyət və idman xadimləri qatılıblar. Qonaqlar əvvəlcə Baku-2015-ə həsr olunmuş bürünc heykəllərindən ibarət sərgiyə baxıblar. “Biz birlikdə” adlanan bu sərgidə 20-dən çox heykəltaraşımızın əsərləri nümayiş etdirilib. Onların hər biri müxtəlif cərayanları nümayiş etdirməklə, özlərində ilk Avropa Oyunlarının həyəcanını sənətin dili ilə dolğun çatdırıb.

Sonra qonaqlar Azərbaycanın mənzərələrindən ibarət fotoşəkillərə də baxıblar. Burada da ölkəmizin regionları ilə yanaşı, Bakının müxtəlif mənzərələri, o cümlədən Azərbaycanın mədəniyyətinin şah əsərləri fotolar vasitəsilə yüksək səviyyədə təmsil olunub.
Tədbirin aparıcısı vurğulayıb ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq miqyasda qazandığı nüfuza söykənir. Siyasi, iqtisadi və mədəni əhəmiyyəti ilə diqqət çəkən bu hadisə həm də Azərbaycanın idman sahəsində son illərdə qazandığı uğurlara dəstək xarakteri daşıyır.

Təsadüfi deyil ki, 2002-ci ildən 36 beynəlxalq yarışa ev sahibliyi edən Azərbaycanda ən son 2014-cü ildə Bədii Gimnastika üzrə Avropa Çempionatı keçirilib. 22 illik müstəqilliyi dövründə 200-dən artıq atletlə yay və qış olimpiya oyunlarında təmsil olunan ölkəmiz bu günə qədər olimpiadalarda 26, Avropa və dünya çempionatlarında isə 2000-ə qədər medal qazanıb.

Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdağanın və xanımı Əminə Ərdoğanın mərasimə ünvanladıqları məktub oxunub. Məktubda qədim və müasir Bakıda ilk Avropa Oyunlarının yüksək səviyyədə keçəcəyinə əminlik, qardaş ölkələrimiz arasındakı əlaqələrin bütün sahələrdə inkişaf etməsindən məmnunluq ifadə olunur və bu təqdimatın əhəmiyyəti vurğulanır.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yekunda mərasimdə çıxış edib.

Həmin kateqoriyadan