Ayın sonunda taekvondoçularımız ölkənin ən güclülərini müəyyənləşdirəcəklər

22-24 dekabrda “Sərhədçi” Olimpiya-İdman Mərkəzində gənc takevondoçular arasında respublika birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu rəqabətdən sonra meydan ustalara veriləcək. Yarış 3 gün davam edəcək.

Azərbaycan Taekvondo Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi yarışda paytaxt və bölgələrdə fəaliyyət göstərən komandaların idmançıları mübarizə aparacaqlar.

Birincilik və çempionat ölkəmizdə taekvondonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, federasiya mütəxəssislərinin və hakimlərinin peşəkarlığının, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədi daşıyır.

Çempionatda səkkiz çəki dərəcəsində kişi və qadın taekvondoçular, birincilikdə isə on çəki dərəcəsində oğlanlar və qızlar yarışacaqlar. Turnirlərdə yüksək yerlər tutan idmançılar və komandalar ATF tərəfindən diplom və medallarla təltif olunacaq. Yarışların keçirilməsinə federasiyanın hakimlər və təşkilat komitələri rəhbərlik edəcək.

“Daeodo” beynəlxalq taekvondo, həmçinin “video-təkrar” sistemləri üzrə keçiriləcək respublika birinciliyində və çempionatında əlavə qaydalar da tətbiq olunacaq. Yeni qaydalara əsasən, hər komandanın bir çəki dərəcəsində yalnız iki idmançı ilə təmsil olunmasına icazə veriləcək.

Həmin kateqoriyadan