LAYİHƏ
Azərbaycan idman mətbuatında iz qoyan mətbu orqarlar və adlar

Azərbaycan idman jurnalistikası «Azərbaycan bədən tərbiyəçisi», indiki Gənclər və İdman Nazirliyinin rəsmi orqanı «İdman»la başladığı üçün, sözsüz ki, bu sahədə tarixdə iz qoyan adlar, ilk növbədə, onunla bağlıdır. Nəşrin bir çox digər əməkdaşları, nisbətən qısa dövrdə olsa da, müxtəlif illərdə qəzetə rəhbərlik etmiş, əvvəllər bir çox il ərzində «Baku»da çalışmış, Respublika Dövlət İdman Komitəsi sədrinin müavini olmuş Oqtay Atayev, redaksiyaya Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsindən gələn Arif Şəfizadə, tanınmış jurnalistlər Paşa Əmirov, Telman Fərəcov, Elman Cəfərli, Məzahir Süleymanzadə, Əlipənah Bayramov, Abbas Əzimov, Zahir Zahirov, Rafiq Sədrəddinov, Xədicə Orduxanova, Anatoli Şilyayev, Vladlen Busalayev, Vladimir Koqanov, fotomüxbirlər Faiq Rəcəbli, Əhməd Abdullayev, Gennadi Malyov və bir çox başqaları da bu qəzetin tarixində dərin iz buraxmışlar. Əksəriyyətinin də «İdman»da keçən həyatı Mirpaşa Miriyev və Aqşin Kazımzadə ilə daha çox bağlıdır.

Adı ilk çəkilən mərhum həmkarımız düz 37 il «İdman»ın dəyişməz «kapitan»ı olub və bu müddət ərzində komandasını yorulmadan, təmkinlə, əsl qayğıkeşliklə qələbədən qələbəyə aparmış, sonralar respublikamızın hüdudlarından kənarlarda da tanınan neçə-neçə yazari üçün idman jurnalistikasına gözəl yol açıb. «Miriyev məktəbi»nin yetirmələrindən olan Oqtay Bayramov xatirəsində belə qeyd edir: «Mənə də ilk xeyir-dua, həyat vəsiqəsi verən məhz Mirpaşa müəllim olmuşdur. Onun əmri ilə «İdman» qəzetində işə qəbul olunduğum gün indiki kimi yadımdadır – 1 iyul 1968-ci il.
O, mülayim təbiətli, xoşrəftar bir insan, xeyirxah redaktor idi. 25 ilə yaxın bir müddətdə – 1963-cü ildən 1987-ci ilədək redaktor müavini kimi onunla çiyin-çiyinə Azərbaycan idmanının təbliğinə və çiçəklənməsinə xidmət etmiş, sonralar özü də bir müddət redaktor olmuş Aqşin Kazımzadə bir dəfə söhbət əsnasında mənə demişdi ki, «gözümü açandan onu tanıyıram, heç kimə pislik etməyib, əksinə, neçə-neçə adama çörək verib»».

Təkrar edim, 37 il, 1950-ci ildən 1987-ci ilədək «İdman»ın baş redaktoru olan və elə buna görə də rekordçu adlandıra biləcəyimiz Mirpaşa müəllimin rəhbərlik etdiyi qəzet respublikanın bütün idman ictimaiyyətinin rəğbət və məhəbbətini qazanmışdı. «İdman» bahalı qəzet olmasına baxmayaraq (qiyməti 3 qəpik idi), onu almaq üçün qəzet köşklərinə səhər tezdən tələsmək lazım idi. Bir qədər gecikəndə, o gün «İdman»sız qalacaq, onu heç 5 qəpiyə də ala bilməyəcəkdin. İki dildə nəşr olunan və gur vaxtlarında ümumi tirajı 120-130 min nüsxəyə çatan «İdman» – «Sport» məktəblidən, fəhlədən tutmuş, yüksək vəzifəli şəxslərədək hamının sevimlisi idi. Bu qəzetə abunə yazılmaq üçün heç bir təbliğat aparmaq lazım gəlmirdi. Əksinə, adamlar özləri redaksiyaya gələr və qəzetə abunə yazılmaqda onlara kömək etməsini redakotrdan xahiş edərdilər. Bunu isə nəşrin yüksək səviyyəsinin və onun kollektivinin idman aləmində baş verən hadisələrə peşəkar və operativ münasibətinin əsl meyarı kimi qiymətləndirmək olardı.

«Miriyevin komandası» say-seçmə jurnalistlərdən ibarət idi. «Kapitan» heyətə idmanın incəliklərinə yaxşı bələd olan «oyunçular» – idman ustaları, respublika və Ümummittifaq dərəcəli hakimlər cəlb edirdi. Belələrinin hesabatlarında isə qeyri-dəqiqlikdən söhbət gedə bilməzdi. Bir sözlə, M.P.Miriyev (o, qəzeti məhz bu cür imzalayırdı) uzun illər ərzində «İdman»ın sükanı arxasında dayanmağa layiq idi və onu məharətlə idarə etmişdi.
Yaddaşımızda müdrik şəxsiyyət kimi qalmış Mirpaşa müəllim qəzetdən ayrıldıqdan sonra da idmandan uzaqlaşmamış, bir müddət “Neftçi” İdman-Sağlamlıq Mərkəzi sədrinin müavini kimi, Azərbaycan idmanının daha da inkişafına bacardığı köməyi göstərmişdir.

Əməkdar jurnalist, Prezident təqaüdçüsü Mirpaşa Miriyev kimi, Aqşin Kazımzadənin də coşğun yaradıcılığının böyük hissəsi «İdman» – «Sport»da keçib. Bu sadə və xeyirxah, eyni zamanda, prinsipial və qətiyyətli insan idmanı sevən və bütün varlığı ilə ona bağlı bir şəxsiyyət idi. O, Azərbaycanda idmanın təbliğinə və inkişafına böyük fayda vermiş və cəsarətlə belə bir qənaətə gələ bilərik ki, bu sahədə xidmətləri hətta ən məşhur mütəxəssislərin də xidmətlərindən az olmamışdır. Aqşin müəllimi fərqləndirən başlıca xüsusiyyət tələbkarlığı və təşəbbüskarlığı, hadisələrə operativ münasibəti, ətrafındakılarla daim xoş ünsiyyətdə olması və istənilən halda öz dəyərli məsləhətləri ilə onların köməyinə gəlməsi idi.
Əsl peşəkar jurnalist kimi böyük nüfuz qazanan Aqşin Kazımzadə, hələ 1960-cı ildə, indi Dövlət Neft Akademiyası adlanan Azərbaycan Sənaye İnstitutunu bitirib mühəndis diplomu alsa da, idman jurnalistikası onu özünə daha çox cəlb etmiş və həyatının son günlərinədək idmanımızın qələbə və problemlərini işıqlandırmaqda davam etmiş, ona mümkün qədər çox fayda vermək üçün bir an belə qüvvə və bacarığını əsirgəməmişdir.

Aqşin müəllim təkcə Azərbaycanda deyil, bütün dünyada baş verən idman hadisələrini daim diqqət mərkəzində saxlayır, onlar haqqında qəzetin elə növbəti nömrəsində operativ məlumatlar verilməsini başçılıq etdiyi kollektivin borcu hesab edirdi. Özü də daim əsl gənclik həvəsi ilə yaşayıb-yaradırdı. İrili-xırdalı minlərlə yazının müəllifi olmuş Aqşin Kazımzadə 5 Yay olimpiya oyunları – 1968-də Mexiko, 72-də Münhen, 76-da Monreal, 80-də Moskva və 2008-ci ildə Pekin olimpiadalarını birbaşa hadisə yerində izləmiş, onların hər biri barəsində zəngin təəssüratlarını oxucularla bölüşmüşdür. Mən hələ onun futbol, güləş, voleybol, velosiped idmanı, fiqurlu konkisürmə, şaybalı xokkey və digər növlər üzrə dünya çempionatlarında, dünya şahmat tacı uğrunda matçlarda, SSRİ xalqlarının spartakiadalarında, Sovet İttifaqı çempionatlarında iştirakını demirəm. Təsadüfi deyil ki, səmərəli fəaliyyətinə, idmanımıza verdiyi töhfələrə görə Əməkdar jurnalist adına, «Tərəqqi» medalına, «Qızıl qələm»ə, habelə bir çox başqa mukafatlara layiq görülmüşdü, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) üzvü kimi də böyük hörmət qazanmışdı.

Oqtay Bayramovun usta həmkarımızla bağlı qeydi belədir: «1992-ci ilin yayı idi. Barselona olimpiadası ərəfəsindəydik. Respublikamız çətin bir dövrdə yaşayırdı. Ölkədə yaranmış mürəkkəb vəziyyət uzun illər ərzində maliyyə cəhətdən heç bir problemlə üzləşməyən, əksinə, daim gəlirlə işləyən «İdman»dan da yan keçməmişdi. Redaksiyanın bank hesabında, demək olar, vəsait qalmamışdı. Əvvəllər bir gün də gecikmədən, hər ayın 3-ü və 18-i məvaciblərini almağa adət etmiş əməkdaşlarımız, indi maaşlarını çətiniliklə ala bilirdilər. Odur ki, bəziləri artıq özlərinə yeni iş yeri axtarmaq barədə düşünürdülər. Digər tərəfdən, qəzet buraxmaq üçün kağız tapmaq müşkül məsələyə çevrilmişdi. Üstəlik də, həmin illərdə nadir hallarda yarışlar keçirilirdi. Yarış olmayanda isə, təbii ki, material hazırlamaq da asan olmur.

Belə mürəkkəb vəziyyətdə bir səhər Aqşin müəllim əməkdaşları otağına dəvət edib «Olimpiada başlayır, gərək onu yaxşı işıqlandıraq. Bununla bağlı mənim bir təklifim var: gəlin, qəzeti həftədə 4 dəfə çıxaraq» dedi.
Bu zaman biz təəccüb içində hərə bir yerdən «necə?», «nə ilə?», «bacararıqmı?» dedik. Aqşin müəllim isə yüngülcə gülümsəyib, suallarımızı «bacararıq, təki istək olsun» sözü ilə cavablandırdı.
Doğurdan da bacardıq. Həmin il «İdman» bir neçə ay ərzində həftədə 4 nömrə ilə işıq üzü gördü. Əvvəllər isə heç vaxt belə bir hal olmamışdı. Elə həmin 92-ci ildən sonra da. Bununla da «İdman»ın kollektivi Aqşin Kazımzadənin təşəbbüsü və rəhbərliyi ilə gözəl ənənələrə malik qəzetin tarixinə daha bir unudulmaz səhifə yazdı».

Xüsusi qeyd etmək istərdim ki, «İdman» özünün əksər əməkdaşları üçün yüksək vəzifələrə aparan yolda bir tramplin olmuşdur. Diqqət yetirək: Zaur Qədimbəyov uzun illər «Vışka»da məsul katib və redaktor müavini, on il «İzvestiya»da, beş il də «Pravda»da müxbir işləmiş, qəzetin rus variantına rəhbərlik etmiş Aleksandr Kiknadze sonralar Moskvada «Sovetski Sport»un futbol şöbəsinin redaktoru olub. «Azərbaycan bədən tərbiyəçisi»nin müxbiri olan Yuli Segeneviç də adı çəkilən qəzetdə həmin vəzifəni daşıyaraq SSRİ-də məşhurlaşmış, çoxlarının Rafiq kimi tanıdığı Raqif Sədrəddinov həmin qəzetin Azərbaycan üzrə xüsusi müxbiri olmuş, Konstantin İsaakov «İdman»dan «Moskovski komsomolets»ə keçmiş, Aqşin Kazımzadəyə «Bakinski raboçi»də məsul katib, sonralar da «Trend» informasiya agentliyində baş redaktor vəzifələri etibar olunmuş, Elman Cəfərli daha uzağa gedərək, AzərTAc-ın baş direktorunun müavini vəzifəsinə yüksəlmiş, idman mətbuatnın ilk qadın yazarı Xədicə Orduxanova da bir müddət fəaliyyətini «Bakinski raboçi»də davam etdirmiş, Məzahir Süleymanzadə «Kommunist»də (indiki – «Xalq») redaktor müavini vəzifəsində çalışmış, sonra «Səhər»i meydana çıxarıb onu bütün ölkəyə tanıtmışdır; hazırda isə Bakı Futbol Federasiyasının vitse-prezidentdir. Zahir Zahirov da «Kommunist»də çalışıb. Əlipənah Bayramov «Xalq qəzeti»ndə həmkarımızdır, iqtisadiyyat şöbəsinə rəhbərlik edir; Fərhad Abdulayev «İdman»dan ayrıldıqdan sonra, idman jurnalistikasında fəaliyyətini bir müddət də Azərbaycan Dövlət Televiziyasında davam etdirib. Uzun müddət bu nəşqdə redaktor müavini və redaktor olmuş Oqtay Bayramov 1980-1986-cı illərdə Yuqoslaviya, Çexoslavakiya, Macarıstan və Meksikada basketbol, həndbol və futbol üzrə Avropa və dünya çempionatlarının, 1993-cü ildə Niderlandda gənclərin Avropa Olimpiya Həftəsini birbaşa yarış meydanından işıqlandırıb. O, hazırda «Xalq qəzeti»ndə çalışır.
«İdman»ın 60 illik yubileyinin qeyd olunduğu 1992-ci ildə onlar artıq bizim komandada deyildilər. Qəzetin 6000-ci nömrəsi məhz həmin il, aprelin 30-da işıq üzü görmüşdür. Bu münasibətlə redaksiyanın rəhbərliyi qəzetin keçmiş əməkdaşlarına müraciət edib, yubiley nömrəsinə təbriklərini çatdırmağı xahiş etdikdə, hamı təklifə böyük məmnuniyyətlə cavab vermişdi.
Müstəqilliyimizdə yayımlanan, amma sonradan tarixin yaddaşına köçən «Supersport»,«Qol» və «Futbol Proqnoz», «Futbol Planet», «AFFA news», «Het-trik», «Sport Favorit», «Komanda», «Futbol dünyası» və «Çempion» nəşrləri də müəyyən iz qoyublar.

Kamran HACI

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

 

Həmin kateqoriyadan