Azərbaycan klub əmsalında mövqeyini qoruyub

Avrokubokların növbəti oyunlarından sonra UEFA reytinqi açıqlanıb. Allsport.az saytı xəbər verir ki, çempionlar liqasının 1/8 final mərhələsinin 2, Avropa liqasının 1/16 final mərhələsinin bir qarşılaşması 4 ölkə üçün xal baxımından uğurlu alınıb.

Rusiya və Ukrayna qələbə, İngiltərə ilə İspaniya heç-heçə sayəsində aktivini zənginləşdirib. Postsovet məkanı təmsilçiləri daha çox – 0,400 xallıq qazanc əldə edib. Dünən komandası meydana çıxanlardan Serbiya və İtaliya xala həsrət qalıb.

Balkanlılar həm də iki təmsilçisindən birini itirməklə barışıb. Ümumilikdə isə avrokuboklara start verən 55 ölkədən yalnız 20-si mübarizəni davam etdirir.

Apasport.az saytının məlumatına görə, Serbiyanın xalsız qalması Azərbaycanın mövqeyini qoruması ilə nəticələnib. “Srvena Zvezda” səfərdə MOİK-ə qalib gəlsəydi, ölkəmiz bir addım geriləyəcəkdi. Bunun gerçəkləşməməsi 0,375 xallıq üstünlüyümüzün qorunmasına səbəb olub.

Qeyd edək ki, avrokuboklar mövsümünü başa vuran Azərbaycanın mövqeyi də toxunulmaz qalıb. Ölkəmiz hazırda Avropanın 23-cüsüdür. Cari mövsüm 4,375 xal qazanan Azərbaycan son 5 ilin nəticələrinə görə 19,125 xala malikdir.

Həmin kateqoriyadan