Azərbaycan qran-prisinin qalibi “Qarabağ”ın qonağı olub

Formula1 üzrə dünya çempionatı baş çatdıqdan dərhal sonra, “Red Bull” komandasının sürücüsü Daniel Rikkardo Bakıya gəlib. Allsport.az saytı xəbər verir ki, yarışın 5-ci ən güclü pilotu seçilən avstraliyalı ötən yay Bakı Şəhər Halqasında baş tutmuş möhtəşəm mübarizədə 1-ci olmaqla, cari qran-prilərdə qazandığı yeganə qələbənin sevincini təkrar yaşamaq üçün, dünən Azərbaycanın paytaxtına səfər edib.

Formula1 təqvimində ən yeni şəhər yolu olan Bakı Şəhər Halqası bu yay ən həyəcanlı və ən dramatik yarışına ev sahibliyi edib. Avtoidman tarixinin unudulmaz günlərindən biri sayılan bu yarışda məşhur “Red Bull” pilotu möhtəşəm çıxış nümayiş etdirərək, fəxri kürsünün ən yuxarı pilləsinə çıxdı. Sıralanma turunda keçirdiyi qəza nəticəsində yarışa 10-cu yerdə başlayan Daniel trekdə olan qırıntılara görə bolidin tormoz sisteminin həddindən artıq qizması səbəbindən 5-ci dövrədə pit-stop etmək məcburiyyətində qaldı. Buna baxmayaraq, o böyük əzm nümayiş etdirərək itirdiyi mövqeləri təkrar qazanaraq yarışı ən öndə başa vurdu. Onun təbəssümlü üzündəki qələbə sevinci heç vaxt Bakıdakı qədər olmamışdı.

Lüis Həmiltonla Sebastian Fettelin trekdə toqquşması son illər qran-pri yarışlarında qeydə alınmış ən yaddaqalan hadisələrdən biri oldu və həmçinin 18 yaşlı Ləns Strol məhz bu yarışda formula1 tarixində podiuma çıxan ən gənc pilot ünvanını qazandı. Bu məqamlar Azərbaycanın paytaxtı Bakı şəhərinin gözoxşayan mənzərəsi fonunda və Formula 1 təqvimində yer alan ən çətin treklərdən bir olan Bakı Şəhər Halqasında baş tutmuş möhtəşəm yarışı unudulmaz etdi.

Rikkardo Bakıya səfərinin ilk günündə möhtəşəm qələbə qazandığı trekdə gəzintiyə çıxdı və trekin ən maraqlı yerlərinə, o cümlədən, formula1 tarixində ən əlamətdar yerlərdən birinə çevrilmiş 7,6 metrlik ən ensiz hissəyə – İçəri Şəhər divarlarının yanından keçən 8-11-ci döngələrdəki hissəyə baş çəkdi. Həmçinin o, Bakının tarixi Qız qalasının yaxınlığında yerləşən 18-ci döngədə və trekin gözəl mənəzərəyə sahib dənizkənarı bulvara paralel olaraq uzanan “iki istiqamətli” hissəsində də oldu.

Trek gəzintisindən başqa, avstraliyalı qonaq çempionlar liqasında mübarizə aparan ilk Azərbaycan komandası “Qarabağ”ın bazasında heyətlə görüşdü. “Red Bull” pilotunun ziyarəti zamanı komanda gələn həftə “Roma” ilə keçirəcəyi növbəti görüşə hazırlıqlarını davam etdirirdi. Burada “Red Bull” pilotu komandanın təlim-məşq keçirdiyi meydana çıxaraq öz futbol bacarığını nümayiş etdirdi.

 

Həmin kateqoriyadan