Azərbaycan qran-prisinin son günündə Kardi B konsert verəcək

Dünya musiqisində özünəməxsus ifaları ilə seçilən reper Kardi B Formula1 Azərbaycan qran-prisi başa çatdıqdan sonra, axşam saatlarında konsert proqramı ilə möhtəşəm yarışa öz damğasını vuracaq. Allsport.az saytı xəbər verir ki, ötən il olduğu kimi bu dəfə də şənlik “Büllur” sarayda olacaq.

Uşaqlığı Nyu-York şəhərinin Bronks səmtində keçən və əsl adı Belkalis Almanzar olan Kardi B reperlik fəaliyyətindən əvvəl etdiyi mübahisəli paylaşımları ilə sosial şəbəkələrdə məşhurlaşıb.

Kardi B 2015-2017-ci illər arasında VH1 televiziya kanalınının “Love & Hip Hop: New York” realiti şousunun daimi üzvü olub və 2017-ci ilin fevralında “Atlantic Records” səsyazma şirkəti ilə ilk böyük müqaviləsini imzalayıb. Onun həmin şirkət ilə birgə çıxardığı “Bodak Yellow” adlı sinqlı ona solo Lorin Hildən (1998) sonra ABŞ-ın “Billboard Hot 100” hit-paradında 1-ci yeri tutan 2-ci qadın reper statusunu qazandırıb. Üç həftə ard-arda 1-ci yeri qoruyub saxlayan reper Taylor Svift (“Look What You Made Me Do”) ilə birgə 2017-ci ildə qadın ifaçılar arasında hit-paradın ən uzun müddətli nömrə 1-i olub. Həmin sinql reperin 2018-ci ildə çıxardığı “Invasion of Privacy “ adlı ilk musiqi albomuna da daxil edilib.

2017-ci ilin mayında açıqlanan “BET” mükafatlarının namizədləri arasında Kardi B “Ən Yaxşı Yeni İfaçı” və “Ən Yaxşı Qadın Hip-Hop İfaçısı” kateqoriyaları üzrə yer alıb. Digər məşhur ifaçılarla birgə çıxardığı “No Limit” və “MotorSport” mahnıları ilə isə “Hot 100” hit-paradı və “Hot R&B/Hip-Hop Songs” siyahısında ilk 10-luğa daxil olub.

Həmin kateqoriyadan