“Azərbaycan triatlonunun üzərində hələ çox çalışmalıyıq”

Başa çatan beynəlxalq mövsüm Azərbaycanın Triatlon Federasiyası üçün xüsusi önəm daşıyıb. Allsport.az saytı xəbər verir ki, bu il ölkə xaricində keçirilmiş mötəbər  yarışlarda özünü fərqli nümayiş etdirməyi bacaran milli komanda yaradılıb. Gənclərimiz, öz nözbəsində, ciddi startların ilk rəqabət abu-havasını duyub. Triatlonun Bakıda keçiriləcək Avropa Oyunlarının proqramına salındığı nəzərə alınsa, bu idman növü xüsusi diqqət mərkəzindədir. Mövsümün nəticələri və gələcək perspektivləri barədə ATF-in icraçı direktoru Azər Məhərrəmov danışıb.

– Azərbaycan yığması mövsümə, böyük beynəlxalq yarış təcrübəsi olmadan başlayıb çox ciddi turnirləri dörd mükafatla başa çatdıra bilib. Ümumilikdə bu yarış ilini necə səciyyələndirmək olar?

– Doğrudan da yola saldığımız mövsüm Azərbaycan triatlonu üçün ilk olub. Ən əvvəl bu idman növünün ölkədə bərqərar olması, idman aləminə aid şəxslərin və adi insanların triatlonla yaxından tanış olması baxımından. Bununla yanaşı il çox uğurlu olub. Biz komandaya təcrübəli idmançıları dəvət etmişik və ilk ciddi uğurlara imza atmışıq. İlk növbədə Meksikada Panamerika kubokonun gümüş medalını, Asiya kuboku və Macarıstanda keçirilmiş dünya kubokunda 2-ci olan Rostislav Pevtsovu, o cümlədən də Qazaxıstanda keçirilmiş Asiya kubokunda qələbə qazanan Kseniya Levkovskayanı qeyd etmək istəyirəm. Ümumilikdə, birinci yığmanın, Aleksandr Yatsenko da daxil olmaqla, üç atleti mövsümü yüksək keçirib və indi yeni, daha zəngin yarışma ilinə qüvvə toplayır.

– Sevindiricidir ki, yüksək eşelondan olan idmançılarla yanaşı, həm də gənclərdən ibarət yığma bir neçə yoxlama matçında özünü hərtərəfli nümayiş etdirməyi bacardı. 
– Gənclərdən ibarət milliyə altı nəfər daxildir, onlar da özlərini beynəlxalq startlarda göstərməyi bacarıblar. Yarışlar isə çox yüksək ranqlı olub, məsələn, Penzada Gənclər arasında keçirilmiş Avropa çempionatı, Soçidəki Rusiya açıq kuboku, yuniorlar arasında Antalyada, Alanya və İstanbulda təşkil edilmiş Avropa kuboku. Yeniyetmələrimiz qürurverici çıxış etdilər. Düzdür, medal almasalar da, axrıncı yerləri də tutmamışdılar. Məsələn, Orxan Heydərli Penzadakı yarışmalarda 7-ci nəticəni göstərdi, İstanbuldakı Avropa Kubokunda isə doqquzuncu oldu. Zaur Arkaniya isə Türkiyədə 10-cu yerlə kifayətləndi. Antalyadakı yarışlarda habelə Nurlan Əliyev 9-cu, 10-cu yeri isə Nurlan Yusifov tutmuşdu. Gənclərdən ibarət yığma Şağandakı Olimpiya kompleksi nəzdində hazırlıq keçir. Burada onlar üçün bütün şərait yaradılıb. Komanda həmçinin Mingəçevirdə təlim-məşq toplantısında da olub ki, burada nəinki triatlonçular, həm də Avarçəkmə Federasiyasından olan həmkarlarımız üçün də yarışlara tam hazırlaşmaq üçün yüksək şərait mövcuddur. Biz Azərbaycanın digər regionlarında da təlimlər keçmək niyyətindəyik. Belə olan halda idmançılarımız müxtəlif iqlim şəraitinə hazır olacaqlar.

-Hər bir federasiya plan hazırlayır. Özü də bu plan nəinki yaxın bir neçə il üçün, hətta bir neçə olimpiada dövrünü əhatə edir. Aydındır ki, triatlon Azərbaycanda ilk addımlarını atır, amma yenə də, bu il ərzində nəyə nail olmaq mümkün oldu?
– Bu suala görə təşəkkür edirəm. 2014-cü il Azərbaycanda triatlonun inkişafı üçün yeni il oldu. Əgər 2013-cü ildə federasiya hələ formalaşırdısa, sonradan yarışma mövsümü başladı, burada da ki, yığma özünü, nəyə qadir olduğunu beynəlxalq arenada nümayiş etdirməli idi. Bu mövsüm bizə imkan yaratdı ki, özümüzə kənardan baxıb müsbət tərəflərlə yanaşı çatışmayan cəhətlərimizi tapıb onları təhlil edək. Təbii ki, beynəlxalq arenada ilk çıxışı zamanı triatlon baxımından Azərbaycan kimi balaca ölkəyə özünü təntənəli, birdən-birə yüksək göstərmək asan iş deyil. Amma bununla belə, biz artıq formalaşmışıq, müəyyən müsbət təcrübəmiz var və elə məqamlar da mövcuddur ki, biz onların üzərində hələ çox çalışmalıyıq.
Milli komanda barədə danışsaq, burada mütləq qeyd eləmək lazımdır ki, güclü məşqçi heyətimiz var, başda tanınmış mütəxəssis Sergey Yatsenko olmaqla. Üstəlik, triatlonun hər üç istiqaməti – üzgüçülük, qaçış və velosport üzrə də mütəxəssislərimiz var. Yeri gəlmişkən, bu yaxınlarda biz böyük məşqçi vəzifəsinə tanınmış mütəxəssis, bu sahədə geniş təcrübəyə malik olan Lev Medvedevi dəvət etmişik. Bu, həm də yeniyetmə atletlərimizin hazırlığıdır, Gənclər və İdman Nazirliyi ilə əlaqə, Milli Olimpiya Komitəsi, atletika, veloidman və üzgüçülük federasiyaları ilə yaxından əməkdaşlıqdır.

-Sözsüz ki, yaxın gələcəkdə müzakirə olunacaq bir nömrəli mövzu – Bakı Avropa Oyunları olacaq. Bu mötəbər yarışmalara hazırlıqda əsas güc hansı istiqamətə yönələcək, test yarışmalar nəzərdə tutulurmu?
-Biz Avropa Oyunların Əməliyyat Komitəsilə fəal əməkdaşlıq edirik. Bundan başqa, triatlonla Avropa Oyunlarına start veriləcək, bu da əlavə böyük məsuliyyətdir. Yarışlar Abşeron yarımadasının şimal ərazisində, Bilgəh çimərlikləri boyunca keçiriləcək. Orada tribunalar da yerləşdiriləcək ki, tamaşaçılar bu mübarizənin dadını tam çıxara bilsin Bura triatlon üçün çox gözəl yerdir, suyun keyfiyyəti triatlon yarışması üçün əlverişlidir. Bu, BEGOC tərəfindən də təsdiqlənib. Hazırda da bu starta ciddi hazırlıq gedir. Bundan əlavə, Avropa Triatlon Şurasının prezidenti Renato Bertrandinin yaxın vaxtlarda Bakıya səfəri və bu səfər çərçivəsində onun Gəclər və İdman nazirliyi, eləcə də Milli Olimpiya Komitəsində bir sıra görüşləri planlaşdırılır. Noyabrın 15 və 16-da isə Beynəlxalq Triatlon Şurasının egidası altında Bakıda federasiyaların texniki personalı və yarışma təşkilatçıları üçün seminar keçiriləcək. Bu, Azərbaycanda bu səpgidə ilk belə tədbir olacaq.

-Rio Olimpiadası da çox vacibdir. İdmançılar artıq xallar yığmağa başlayıblar, ilk vakansiyalar isə Avropa Oyunlarında oynanılacaq. Sizcə, Azərbaycan triatletlərinin Olimpiadaya düşməsi nə dərəcədə reallığa uyğundur?
-Biz buna ümid edirik. Oyunlara seçim artıq başlanıb. May ayından etibarən idmançılarımız kvalifikasiya turnirlərində reytinq xalları toplayırlar. Sevindirici haldır ki, AzroOyunlar da lisenziya xarakterlidir, onun qalibləri Rioya vəsiqə qazanacaq. Əlbəttə, biz qarşımıza məqsəd qoymuşuq, bununla belə hələ çox gərgin işləməliyik. Bu, ən əvvəl atletlər və məşqçilərin hər gün ağır və məsuliyyətli əməyidir.

– Triatlon nəinki idman növüdür, həm də sağlam həyat tərzidir. Triatlon Federasiyasının müxtəlif strukturlarla birgə həyata keçirdiyi hər hansı sosial layihələri varmı?
-Triatlon Qərbdə çox məşhurdur. Atlantikanın o tayından tutmuş Böyük Britaniya və İspaniyaya qədər. Bu ölkələr idmanın bu növündə çox fəaldılar, burada triatlonla müxtəlif yaş kateqoriyasında olan insanlar məşğul olur, həm də ailələr triatlonu öz həyat tərzinə çevirib. Hələ mən elitanı və “İron man” turnirlərində çıxış edən peşəkar atletləri demirəm. Amma bu gün Azərbaycanda idmansevərlər triatlon barədə artıq məlumatlıdılar. Ən çox da Milli Triatlon Federasiyasının interaktiv rejimdə daim yenilənməkdə olan internet saytı (triathlon.az) və facebookdakı səhifəmizin sayəsində. Onlarsız bir-birimizi tapmaq çox çətin olardı.

-İdmançılarımıza qayıtmaq istərdim. Siz liderlərinin çızışlarından razısınızmı? Bəs, onların dünya reytingindəki yerlərindən?
-Ümumilikdə, yığmanın tendensiyalarını müsbət səciyyələndirmək olar. Məsələn, Rostislav Pevtsov dünya seriyasının prestijli mərhələlərində çıxış edib və Londonda 11-ci yerə nail olub. Mövsüm boyu o 27-ci olub, bu atletin potensialı belə deməyə imkan verir ki, o, daha da irəli gedə bilər. Və nəinki R.Pevtsov, milli komandanın bütün üzvləri belə.

-Yola saldığımız ilin yekunlarını təhlil edərək, sözsüz ki, qarşılamağa hazırlaşdığımız ilə də nəzər salmalıyıq. Yeni ildə komandanın harada yarışlara başlamasına dair hansisa ideya mövcuddurmu? Bəs, idmançılar qarşısında bu il üçün əsasən hansı məqsədlər qoyulacaq?
-Qış hazırlıq dövrünün Yaltada keçirilməsi planlaşdırılır. Burada triatletlər üçün yaxşı şəraait var. Bu zaman Aleksandr Yatsenko öz hazırlıqlarını gənclərdən ibarət yığma üzvlərilə birlikdə Şağandakı Olimpiya Kompleksində məşq edəcək. Bizi çox maraqlı il gözləyir – Avropa Oyunlar başda olmaqla bir sıra beynəlxalq reytinqli yarışmalar. Komandamız artıq bu il bir sıra mötəbər yarışlardakı yaddaqalan çıxışla beynəlxalq səviyyədə tanınmağa nail oldu. İndi isə biz böyük ümidlərlə yeni mövsümü gözləyirik.

 

Həmin kateqoriyadan