Azərbaycan üzgüçüləri Avropa Oyunlarına hazırlaşırlar

Azərbaycanın üzgüçülük üzrə milli komandası Bakı 2015 Avropa Oyunlarına hazırlıq çərçivəsində təlim-məşq toplanışını Slovakiyanın Bаnskа Bistritsа şəhərində davam etdirir. Allsport.az xəbər verir ki, bu barədə “Trend”ə Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov bildirib.

Onun sözlərinə görə, mart ayının sonlarından başlayan təlim-məşq toplanışı aprelin 15-dək davam edəcək.

Federasiya rəsmisi onu da bildirib ki, bu yaxınlarda Bаnskа Bistritsа şəhərində keçirilən üzgüçülük üzrə lisensiya xarakterli beynəlxalq turnurdə Azərbaycan idmançıları da iştirak edib və yaxşı nəticələr göstəriblər. Belə ki, üzgüçülərimizdən Boris Kirilov 50 və 100 metr məsafədə arxası üstə üzmə üsulunda qızıl medala, 200 metr məsafədə arxası üstə üzmə üsulunda isə gümüş medala sahib olub.

Bundan başqa, I Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək milli komandamızın üzvü Qriqori Kalinski isə 100 metr məsafədə arxası üstə üzmə üsulunda bürünc medala layiq görülüb.

Milli komandamızın xanım üzgüçüləri arasında Yulya Tsenyuk 100 metr məsafədə arxası üstə üzmə üsulunda, Alsu Bayramova isə 200 metr batterflay üsulu ilə üzmədə bürünc medallara sahib olublar.

Slovakiyada təlim-məşq toplanışı başa çatdıqdan sonra üzgüçülərimiz aprelin 17-də Çexiyanın Ostrava şəhərində təşkil olunacaq lisenziya xarakterli beynəlxalq turnirə yollanacaqlar.

Həmin kateqoriyadan