Azərbaycan və Braziliya Milli Paralimpiya Komitələri arasında əməkdaşlıq

Dekabrın 5-də MOK-un inzibati binasında Azərbaycanın və Braziliyanın Milli Paralimpiya komitələri arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Allsport.az saytı xəbər verir ki, anlaşmanıkomitələrin prezidentləri İlqar Rəhimov və Endrü Parson imzalayıblar. Bu sənədin əhəmiyyətini yüksək qiymətləndirən İlqar Rəhimov bildirib ki, E.Parsonun ölkəmizə səfərinin əsas məqsədi iki ölkənin paralimpiya komitələri arasında əməkdaşlığın əsasını qoymaq, onu rəsmiləşdirməkdir. O, memorandumun əməkdaşlığın inkişafına geniş imkanlar açacağını diqqətə çatdırıb.

Qeyd edilib ki, 1996-cı ildən fəaliyyət göstərən Azərbaycan Milli Paralimpiya Komitəsi ötən dövrdə idman sahəsində qazanılan nailiyyətlərlə bərabər, beynəlxalq əlaqələrin qurulması istiqamətində də mühüm uğurlara nail olub. Bu günə qədər bir neçə ölkənin paralimpiya komitələri ilə əməkdaşlıq sazişinin imzalandığını vurğulayan İ.Rəhimov deyib: “Bu memorandumda hər iki komitə arasında texniki əməkdaşlıq məsələləri əksini tapıb. Məqsəd paralimpiya hərəkatının həm ölkədə, həm də dünyada inkişafına, idmançıların hazırlanmasına, onların yüksək nəticələr göstərmələrinə dəstək vermək, birgə fəaliyyət göstərməkdir”.

Beynəlxalq Paralimpiya Komitəsinin vitse-prezidenti, Braziliya Milli Paralimpiya Komitəsinin prezidenti, 2016-cı il Rio-de-Janeyro Olimpiya və Paralimpiya oyunlarının Təşkilat Komitəsinin inteqrasiya üzrə komitəsinin sədri Endrü Parson imzalanan sazişin əməkdaşlığı daha da möhkəmləndirəcəyini bildirib. Rəhbərlik etdiyi komitənin qonşu ölkələrlə yanaşı, Azərbaycan ilə də əməkdaşlıqda maraqlı olduğunu bildirən qonaq deyib: “Bu əməkdaşlıq bizim üçün böyük əhəmiyyət kəsb edir. Bir-birimizdən öyrənə biləcəyimiz çox məsələ var. Əminəm, bu əməkdaşlıq uğurla davam edəcək”.

Səfər çərçivəsində Azərbaycanın tarixi, paytaxtın görməli yerləri ilə tanış olduğunu bildirən qonaq ölkəmizin sürətlə inkişaf etdiyini bildirib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çox böyük uğurlar qazanıb. Tədbirdə paralimpiya üzrə mötəbər beynəlxalq yarışların qalibləri, müxtəlif növlər üzrə baş məşqçilər, idmançılar, Gənclər və İdman Nazirliyinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Həmin kateqoriyadan