Azərbaycanda atçılığın polo növü üzrə beynəlxalq yarış keçiriləcək

Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF), “Elite Horse and Polo Club” və “World Polo”nun birgə təşkilatçılığı ilə sentyabrda ölkəmizdə ilk dəfə Beynəlxalq Polo Federasiyasının birinci Avropa çempionatı keçiriləcək. Allsport.az xəbər verir ki, ötən iki il ərzində Azərbaycanda atçılığın polo növü üzrə iki dəfə dünya kuboku yarışları təşkil olunub. Bu müddətdə qazanılan nailiyyətlərin nəticəsi olaraq cari ildə Azərbaycan daha bir böyük yarışa ev sahibliyi edəcək.

Sentyabrın 4-dən 12-dək davam edəcək yarışlarda Almaniya, İrlandiya, İsveçrə, İtaliya, İspaniya və Azərbaycandan ümumilikdə altı komanda birinci FİP (Beynəlxalq Polo Federasiyası) Arena Polo Avropa çempionatının qalibi olmaq uğrunda mübarizə aparacaq. Sentyabrın ilk həftəsində komandalar qum örtüyü olan qapalı, sentyabrın 10-12-də isə ot örtüyü olan açıq manejdə yarışacaqlar. Beləliklə, turnirdə 18 qarşılaşma keçiriləcək. Hər komanda üç əsas və iki ehtiyat oyunçudan ibarət olacaq.

Tədbir üçün təşkilatçılar “Alegria Polo Farm” və “Garros Polo Farm”dan gətirilmiş 72 Argentina polo atını təqdim edəcəklər.

Bu beynəlxalq turnirin Azərbaycanda keçirilməsi barədə qərar 2014-cü ilin dekabrında Beynəlxalq Polo Federasiyasının Baş Assambleyasında qəbul edilib. Keçən il keçirilmiş polo üzrə ikinci dünya kuboku yarışlarında möhtəşəm çıxışı ilə yadda qalan Azərbaycan komandası bu il də pərəstişkarlarını sevindirməyə çalışacaq.

Həmin kateqoriyadan