Azərbaycanın 5 cüdoçusu beynəlxalq reytinq cədvəlində ilk onluqda qərarlaşıb

Beynəlxalq Cüdo Federasiyası fevral ayı üçün reytinq cədvəlini açıqlayıb. Allsport.az xəbər verir ki, siyahını Azərbaycan millisinin aparıcı idmançıları üçün uğurlu saymaq olar.

Baş məşqçi Hacıağa Hacıəhmədovun yetirmələrindən 5-i ilk onluqda yerini qoruyub. Təmsilçilərimizdən yenə ən yaxşı göstərici dünya çempionu Elxan Məmmədova (100 kq) məxsusdur. O, öz çəkisində 4-cü yerdədir. İlk onluqda mövqeyini qoruyan Orxan Səfərov (60 kq) 5-ci, Elmar Qasımov (100 kq) 6-cı, İlqar Müşkiyev ilə (60 kq) Rüstəm Orucov (73 kq) 10-cudur.

Yığmamızın digər cüdoçularına gəlincə, Tərlan Kərimov (66 kq) 37-ci, Şahin Qəhrəmanov (90 kq) 30-cu, Uşanqi Kokauri (100 kq-dan yuxarı) 38-ci və Kifayət Qasımova (57 kq) 25-ci pillədə yer alıblar. Cüdoçularımızdan Nicat Şixəlizadə (66 kq) 1 pillə irəlilədiyi halda, Məhəmmədəli Mehdiyev 2, Tural Səfquliyev (hər ikisi 81 kq) 9 rəqibini özündən irəli buraxıb. Onlar müvafiq olaraq, 11-ci, 52-ci və 72-ci yerləri tuturlar.

Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.

Həmin kateqoriyadan