“Azəryol”un qapıçısı: İdmanda yalnız güclü qalib gəlir

Qadın həndbolçuların superliqasının 16-cı turu gərgin anlarla yadda qaldı. Yarış cədvəlinin aşkar öncülü “Azərsu” Mingəçevir səfərindən xalla dönüncə, bütün diqqət “Azəryol” və “Qarabağ” arasında oyuna yönəldi. Adı 2-ci çəkilən komanda ilk yarıda üstün olsa da, növbəti yarıda təşəbbüsü rəqibə verdi və yekunda 28:30 yenildi. Qalib komandanın qapıçısı Yelizaveta Hulyazəddinovanın allsport.az saytına qələbə şərhi belə olub:

“Oyun ağır və duyğusal oldu. Hər 2 kollektiv qalib gəlmək istəyirdi. Görüş bərabər keçdi. Düzü, hər 2 tərəf layiqli qələbəni haqq edirdi. Amma bu idmandır. Belə halda güclü sevinir. Nəticədən razıyam. Qələbə üçün komandanın hər bir üzvü var qüvvəsini ortaya qoydu. Hətta meydançaya çıxa bilməyən zədəli oyunçularımız mənəvi dəstək verdilər.

Məşqçilər heyəti də münasib zamanda çıxış yolunu tapa bildi. Düzdür, elə məqamlar oldu ki, bizdə alınmadı və ilk hissədən sonra bu “Qarabağ”ın xeyrinə tabloda öz əksini tapdı. Növbəti yarıda daha özünəinamlı olduq. Artıq 12 dəqiqə ərzində nəinki hesabı bərabərləşdirdik, hələ 2 top fərqi ilə irəli çıxdıq”.

Həmin kateqoriyadan