Azad Rəhimov Əbu Dabidə xüsusi olimpiya oyunlarının açılışına qatılıb

Gənclər və idman naziri Azad Rəhimov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə dünya xüsusi olimpiya oyunlarının açılışına qatılıb. Allsport.az saytı xəbər verir ki, səfərdə o, şəhərin vəliəhdi, BƏƏ-nin silahlı qüvvələrinin ali baş komandanının müavini Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, baş naziri və vitse-prezidenti Şeyx Məhəmməd bin Rəşid Əl Məktum, beynəlxalq xüsusi olimpiya hərəkatının sədri Timoti Şrayver, Avropa və Avrasiya xüsusi olimpiya hərəkatının prezidenti Devid Evangelista, Serbiyanın gənclər və idman naziri Vanja Udovicic və Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Məhəmmədiulı ilə görüşlər keçirib.

Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə söhbət zamanı, Azad Rəhimov ona Azərbaycan prezidenti Ilham Əliyevin səmimi salamlarını və xoş arzularını çatdırıb. Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan dərin təşəkkürünü bildirərək, öz növbəsində onun da salam və səmimi arzularının ölkə başçımıza çadrırılmasını xahiş edib.

Beynəlxalq xüsusi olimpiya hərəkatının sədri Timoti Şrayver tədbirin açılış mərasimində çıxışı zamanı ötən il Bakıda keçirilən gənc liderlərinin 20-ci qlobal forumu haqqında xüsusi olaraq danışıb.

Bakı toplantısının xüsusi Ooimpiya hərəkatının inkişafında müstəsna rol oynadığını bildirən Timoti Şrayver, Azərbaycanın əqli məhdudiyyətləri olan və olmayan gənclərə verdiyi dəyəri nümayiş etdirdiyini, dünya şöhrətli ulduzların da məhz o müddətdə Bakıya səfər etdiklərini diqqətə çatdırıb.

Məlumat üçün bildirək ki, DXOO-da dünyanın 170-dən artıq ölkəsini təmsil edən 7 mindən artıq xüsusi olimpiya idmançısı iştirak edir. Azərbaycanı bu yarışda 56 nəfər 10 növdə təmsil edir.

Həmin kateqoriyadan