Azad Rəhimov başçılıq etdiyi nümayəndə heyəti Ümumdünya köçəri idman oyunlarında

3-7 sentyabrda Qırğızıstanın Çolpon-Ata şəhərində Ümumdünya köçəri idman oyunları keçiriləcək. Allsport.az saytı xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti bu tədbirə qatılacaq. Səfər çərçivəsində qonaqlar üçün “Kırçın” vadisində “Köçməndər Aalamı” festivalı baş tutacaq. Festival çərçivəsində Qırğızıstanın ümumilikdə 300-ə yaxın müxtəlif region və şəhərlərinin milli mətbəxi, adətləri, dekorativ atributları və digər maraqlı nümunələri təqdim olunacaq.

Bununla yanaşı, 5-7 sentyabrda tədbir iştirakçılarının “World Nomad Fest 2016” festivalı çərçivəsində etnomoda, etnoxit və etno rəqslər istiqaməti üzrə çıxışları olacaq. Cəmdə, Ümumdünya köçəri idman oyunlarında 53 ölkədən 23 idman növü üzrə 2000 idmançının iştirakı nəzərdə tutulub. Azərbaycan bu yarışa 9 idman növü üzrə 38 idmançı, 6 hakim, 5 məşqçi və 3 musiqiçi ilə qatılacaq.

İdmançılarımız öz qüvvələrini milli güləş, alış güləşi, aba güləşi, türkmən güləşi, qazax güləşi, qırğız güləşi, mas-reslinq, ər-eniş (at üstündə güləş) və ənənəvi kamandan ox atma idman növlərində sınayacaq. Tədbirin açılış mərasimi və yarışlar Çolpon-Ata şəhər hippadromunda keçiriləcək.

Həmin kateqoriyadan