“Bizim üçün önəmli olan biletlərin qiyməti baxımından əhalinin məmnunluğudur”

19 martda 4-cü İslam Həmrəyliyi oyunlarının biletləri satışa çıxarılacaq. Allsport.az saytı xəbər verir ki, 4-cü İslam Həmrəyliyi oyunlarının baş icraçı direktoru Azad Rəhimov oyunlara 100 gündən də az bir vaxt qaldığı bu müddət ərzində görülən işlərdən söz açarkən, qarşıda duran əsas məqsəd əhalimizə unudulmaz bir idman tədbirini nümayiş etdirilməsini qeyd edib:

“Şəhərimizin demək olar ki, hər yerində bilet satışının təşkili, əhalimizin bu mötəbər idman yarışına marağının artmasına və sevdikləri idman növünü rahat şəkildə seyr etmələrinə şərait yaradacaq. Bizim üçün önəmli faktorlardan biri, əhalinin bilet əldə etməsində rahatlığını təmin etməklə bərabər, eyni zamanda biletlərin qiyməti baxımından da onların məmnunluğudur”.

Bütün 190 idman sessiyaları üçün nəzərdə tutulmuş biletlərin qiyməti 2-5 AZN civarında dəyişəcək. 16 yaşına kimi bütün gənc nəsli 13 idman arenasında güzəştli biletlərdən yararlanmağa səsləyir, belə ki, idman sessiyalarının əksəriyyətinə onlar pulsuz buraxılacaq. 2-16 yaşlı uşaqlar üçün Heydər Əliyev adına arena, Milli Gimnastika arenası və Tofiq Bəhramov adına stadionlara təyinatlı  biletlərin qiyməti 1 AZN olacaq.

Möhtəşəm Bakı Olimpiya Stadionu dünyanın hər yerindən açılış və bağlanış mərasimlərini izləmək üçün təşrif buyuracaq qonaqları qəbul edəcək. Açılış mərasiminə biletlərin qiyməti 20-200 AZN civarında, Bağlanış mərasimi üçün isə 10-100 AZN arası dəyişəcək.

Həmin kateqoriyadan