Azad Rəhimov BMT-nin sessiyasında nədən danışacaq?

20 oktyabrda BMT Baş Qərargahında Baş Assambleyanın 69-cu sessiyası keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu tədbirdə iştirak etmək məqsədi ilə gənclər və idman naziri Azad Rəhimov ABŞ-a səfər edəcək.
 
Toplantı çərçivəsində “İnkişaf və sülh naminə İdman” bəndi altında müzakirələr olacaq. Fikir mübadiləsi zamani, dövlət rəsmisi, müstəqillik qazandığı gündən ölkəmizin bir çox Avropa və dünya çempionatlarına ev sahibliyi etməsi, 2016-cı ildə Bakıda şahmat olimpiadasının və Formula 1 Grand Prix yarışının, 2017-ci ildə 4-cü İslam Həmrəyliyi oyunlarının, 2020-ci ildə isə Avro çempionatının final mərhələsinin 4 oyunu haqda məlumatlar  verəcək.
 
Eyni zamanda, Azad Rəhimov ölkənin birinci xanımı, Bakı Avropa oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi altında  2015-ci il 12 iyun tarixindən Bakıda start götürəcək ilk Avropa oyunlarına hazırlıqla bağlı məlumatları diqqətə çatdıracaq. Nazir 17 gün ərzində ölkəmizdə keçiriləcək Avropa oyunlarına Avropanin 6000-dən çox idmançısının qatılacağını və onların 20 idman növündə mübarizə aparacaqlarını, idmançıların və ölkəmizə gələcək  turistlərin ölkəmiz haqqında müsbət rəy əldə etmələri və oyunların yüksək səviyyədə keçirilməsi  üçün lazımi hazırlıq işlərinin görüldüyünü vurğulayacaq.
Öz çıxında, nazir, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana diqqət və qayğısından və son 10 ildə ölkəmizdə 50-dən artıq idman obyektlərinin tikilib, istifadəyə verilməsindən, idmançılarımızın Olimpiya oyunlarında, dünya, Avropa çempionatlarında,  Nanjinqdə keçirilmiş Yeniyetmələr arasında Olimpiya oyunlarında qazandıqları qələbələr haqqında da iştirakçıları məlumatlandıracaq.
 
Sessiya zamanı həmçinin Birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı görülmüş işlər barədə dünya ictimaiyyətinə ətraflı məlumat verilməsi və təbliğat xarakterli tədbirlərin təşkili, o cümlədən  idmanın inkişafı sahəsində ölkəmizin fəaliyyətinə, uğurlarına və Birinci Avropa Oyunlarına həsr olunmuş sərginin təşkili və təbliğat xarakterli materialların paylanılması  da planlaşdırılır.
 
 Səfər 25 oktyabr 2014-cü il tarixdə başa çatacaq.  

Həmin kateqoriyadan