Azad Rəhimov “Olimpiya ordeni” ilə mükafatlandırıldı

Bu gün Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin toplantısı keçirilib. Allsport.az saytı xəbər verir ki, qurumun inzibati binasında təşkil olunmuş yığıncaq əməkdar idman xadimi Ələkbər Məmmədovun xatirəsinin yad edilməsi ilə başlayıb.

İclasda MOK-un Antidopinq Komissiyasının yaradılması, Bakı-2015-ə hazırlığın gedişi, Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının bu il Bakıda keçirilməsi haqda müzakirələr aparılıb.

Qapalı keçirilən tədbirinin ardınca, Çinin Nancin şəhərində keçirilən 2-ci Yay Olimpiya Oyunlarında medal qazanan 12 idmançımız MOK tərəfindən mükafatlandırılıb. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, Azərbaycan millisinin 21 idmançı ilə qatıldığı yarışda 5 qızıl, 6 gümüş və 1 bürünc medal qazanması böyük uğurdur: “Özü də bu medalların 6 idman növündə əldə olunması çox fərəhlidir”.

O, İK-nin iclasının əlamətdar bir günə təsadüf etdiyini deyib. Bildirib ki, bu gün Azərbaycan gənclər və idman naziri Azad Rəhimovun 50 yaşı tamam olur. Vitse-prezident bu münasibətlə MOK İK tərəfindən təsis edilmiş “Olimpiya ordeni”ni Rəhimova təqdim edib.

Nazir ilk ordeninin idmanla bağlı olduğunu xüsusi vurğulayıb. Onun sözlərinə görə, bu mükafat Azərbaycan idmanının yüksəlişi, idmançılarımızın uğurunun göstəricisidir: “Sevinirəm ki, ilk ordenimi idmanla bağlı alıram. Bu, idmançıların ordenidir”.

Həmin kateqoriyadan