Azad Rəhimov: Yola saldığımız ili uğurlu hesab etmək olar

“Yola saldığımız 2014-cü ili ölkəmizdə gənclər və idman sahələrində uğurlu hesab etmək olar”. Allsport.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Azad Rəhimov dekabrın 29-da ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Nazir bildirib ki, respublikamızda “Gənclər ev”lərinin sayı 30-a çatıb. Sumqayıt, Qaradağ və Binəqədidə inşası başa çatan “Gənclər ev”ləri yaxın vaxtlarda istifadəyə veriləcək. Ölkəmizdə ilk dəfə olaraq, Daşkəsən rayonunda Gənclərin Təlim və İstirahət Mərkəzi yaradılıb.

Rəhimov qeyd edib ki, 2014-cü ildə 21 ölkədə Azərbaycanın xarici dövlətlərdəki səfirlikləri ilə birgə “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda müsabiqə keçirilib və 174 qalibin ölkəmizə səfəri təşkil edilib. Bütövlükdə isə 2011-2014-cü illərdə bu müsabiqə 47 ölkədə keçirilib, 3 minədək esse təqdim edilib. Həmin müsabiqələrdə qalib gələn 437 nəfər Azərbaycanda olub.

Diqqətə çatdırılıb ki, il ərzində gənclər sahəsi üzrə ümumilikdə 156 tədbir keçirilib ki, onlardan 122-si yerli, 34-ü isə beynəlxalq səviyyəli olub. Sağlam həyat tərzinin təbliği istiqamətində regionlarda QİCS ilə mübarizəyə həsr olunan “Həyatla oyun”, “Günahsız günahkarlar” tamaşaları nümayiş etdirilib. Eləcə də “Sağlam cəmiyyətə doğru” layihəsi həyata keçirilib, “Sağlam həyat” yaradıcılıq sərgisi təşkil olunub.

Azad Rəhimov bildirib ki, respublikada fəaliyyət göstərən federasiyalarla birlikdə 2014-cü ildə ölkəmizdə 300-dən çox yarış, habelə 55 beynəlxalq turnir təşkil edilib. Xarici ölkələrdə keçirilmiş 320 beynəlxalq yarışda isə yığma komandalarımızın iştirakı təmin olunub. Yola saldığımız il ərzində Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda idmançılarımız 275 qızıl, 255 gümüş və 275 bürünc olmaqla ümumilikdə 805 medal qazanıblar. Bunlardan 278-i Olimpiya, 527-si isə qeyri-Olimpiya idman növləri üzrə əldə olunub.

Nazir vurğulayıb ki, idman növləri üzrə yığma komandalar hər biri 12 gündən az olmayaraq, 160 təlim-məşq toplanışında iştirak edib. Bu toplanışlardan 115-i Azərbaycanda, 45-i isə xarici ölkələrdə təşkil olunub. Təlim-məşq toplanışlarına ümumilikdə 6500-dək idmançı qatılıb.

Sonda nazir jurnalistlərin suallarını cavablandırıb.

Həmin kateqoriyadan