AzDBTİA-nın əsaslı təmirdən sonra açılışı olub

Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının əsaslı təmirdən sonra açılışı olub. Allsport.az saytı xəbər verir ki, təməli 1930-cu ildə qoyulmuş və bugünədək Azərbaycanda idmanın inkişafında böyük rol oynayan AzDBTİA 80 il ərzində 17 mindən çox idman mütəxəssisi, məşqçi-müəllim, hakim və bədən tərbiyəsi hərəkatı təşkilatçısı hazırlayıb və bu sahədə böyük elmi-pedaqoji mərkəzə çevrilib. Son 10 il ərzində akademiyanın məzunları olmuş idmançılar beynəlxalq yarışlarda, Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında 800-dən çox medal, o cümlədən 300-dən çox qızıl medal qazanıblar. Bu gün Azərbaycan idmana qayğı göstərən və idmançılarının uğurları ilə fəxr edən, dinamik inkişaf edən və idman dövləti kimi şöhrət qazanan bir ölkədir.

Akademiyanın binasında bütün kommunikasiyalar çəkilib, 33 adda 545 yeni mebel və 160 kompyuter Gənclər və İdman Nazirliyi tərəfindən təhsil ocağına verilib, 650 tədris partaları və stulları, 50 kitab stellajı və 186 müvafiq mebel alınıb. Müvafiq auditoriyalarda 8 proyektor, o cümlədən prezentasiyaların təqdimatı və interaktiv tədris metodlarının tətbiqi üçün 18 TV-monitor qoyulub.

Akademiya binasına əsas girişin və foyenin yeni dizaynı işlənmiş, fasad yeni mərmər ilə üzlənib. Foyedə dünyada qabaqcıl texnologiyaları ilə tanınan “Barrisol” işıq və müvafiq səs sistemlərindən istifadə edilib.

Akademiyanın foyesində xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə büst qoyulub, idmançı şəhidlərin xatirə stendi yaradılıb. Birinci mərtəbənin əsaslı təmirindən sonra burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adına interaktiv muzey, tam funksional müasir elektron kitabxana, sakitçilik və şəffaflıq tələblərinə uyğun yeni oxu zalları, müasir və gözoxşayan tələbə mərkəzi, geniş, işıqlı görüş və təlim otaqları müəllim və tələbələrin istifadəsinə verilib.

Həmin kateqoriyadan