AzVİF həvəskar dağ velosipedçilərini yarışa dəvət edir

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2015-ci ildəki təqvim-planına uyğun olaraq, oktyabrın 25-də Dağ Velosipedi Parkında (Xocahəsən) Açıq Federasiya Kubokunun 3-cü mərhələsi keçiriləcək. Allsport.az xəbər verir ki, saat 11:00-da başlayacaq yarışda peşəkar idmançılarla yanaşı, həvəskar dağ velosipedçiləri də iştirak edə bilər.

Reqlamentə əsasən, Elit və U-23 yaş kateqoriyasında mübarizə aparacaq iştirakçılar 2.1 km-lik marşrut boyunca 7, gənclər və U-17 yaş qrupunun velosipedçiləri 5, 15 yaşadək olan idmançılar isə 3 dövrə vurmalıdırlar. Beynəlxalq Velosipedçilər İttifaqının qaydalarına əsasən təşkil ediləcək yarışın qeydiyyat prosesi saat 10:00-da başlanacaq.

Azərbaycan Velosiped İdmanı Federasiyası yarışda özünü sınamaq istəyən həvəskar dağ velosipedçilərini də Açıq Federasiya Kubokunun 3-cü mərhələsinə dəvət edir. Baş geyimi və velosipedi olan həvəskarlar qeydiyyat üçün şəxsiyyətlərini təsdiq edən sənədi özləri ilə gətirməlidirlər. Fərqlənən idmançılar yığma komandanın heyətinə cəlb ediləcək.

P.S. Yarışda iştirak etmək istəyənlərdən xahiş olunur ki, oktyabrın 25-də Azərbaycanın qış vaxtına keçməsini (saatların əqrəblərinin 1 saat geri çəkilməsini) nəzərə alsınlar!

Həmin kateqoriyadan