Bədən Tərbiyəsi və İdman Akademiyası yeni ixtisasartırma proqramlarını təqdim edib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (AzDBTİA) idman təhsili sahəsində mütəxəssislər və fəaliyyətə yeni başlamaq istəyənlər üçün peşəkar təlim və inkişaf proqramlarına start verib. Allsport.az saytı xəbər verir ki, təzə ixtisas proqramlarının təqdimatına həsr olunmuş tədbirdə idman ictimaiyyətinin nümayəndələri, federasiyaların rəsmiləri, xarici idman mütəxəssisləri, akademiyanın professor-müəllim heyəti iştirak ediblər.

İxtisasartırma proqramları dünyanın aparıcı universitetlərinin təcrübəsi əsasında AzDBTİA-da təsis edilib. Bu, sürətlə dəyişən və inkişaf edən idman sahəsində çalışan mütəxəssislərə, eləcə də bu istiqamətdə yeni çalışanlara peşəkar təlim proqramları təklif edir. Proqramların məqsədi yerli və xarici idman mütəxəssislərinin iştirakı ilə elmi və praktiki təlim proqramları təşkil etməklə idman sahəsində çalışan peşəkarları və bu sahəyə yeni qoşulan gənc mütəxəssisləri səmərəli fəaliyyətə ruhlandırmaq və onlara yüksək tədris verməkdir.

Akademiyanın rektoru Fuad Hacıyev çıxış edərək son doqquz ayda tədris müəssisəsində yenidənqurma və təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən söhbət açıb. Rektor qeyd edib ki, təmir və yenidənqurma işləri elektron kitabxana, muzey, yeni kitab fondu, tələbə mərkəzi, kafedralar, inzibati otaqlar, müasir kafe və tibb məntəqəsi, tədris auditoriyaları, təlim mərkəzi və s. bölmələrdə aparılıb. Akademiyanın binasında bütün kommunikasiya sistemləri və xətləri yenidən qurulub, bu ali təhsil ocağı ən müasir avadanlıqla təmin edilib. Müəllim və tələbə heyəti üçün elektron buraxılış və nəzarət sistemi yaradılıb, təhlükəsizliyin təmin edilməsi məqsədilə elektron tələbə bileti istifadəyə verilir.

“Akademiyada tədrisin keyfiyyətinin yüksəldilməsi və tələbələrin biliyinin qiymətləndirilməsi prosesində şəffaflığın təmin edilməsi məqsədilə müvafiq işlər görülüb. İdman təhsili sahəsində beynəlxalq təcrübə öyrənilib, inkişaf etmiş ölkələrin bir sıra universitetləri ilə ikitərəfli əməkdaşlıq əlaqələri qurulub, tədris prosesində beynəlxalq SCORM standartını dəstəkləyən “Online University” sistemi adaptasiya edilib. Bu sistem əyani dərslər və imtahanlardan başqa, həmçinin distant təhsil funksiyasına malikdir. Sistem tələbələrə dünyanın aparıcı universitetlərinin kitabxana və elektron bazalarından istifadə imkanı təqdim edir”, – deyə rektor bildirib.

Tədbirdə AzDBTİA-nın strateji inkişaf qrupunun rəhbəri, ixtisasartırma proqramlarının menecerləri, tanınmış ekspertlər Amanda Brüyer və Dən Meyson çıxış edərək “İdman menecmenti”, “İdman marketinqi və sponsorluğu”, “İdmanda düzgün qidalanma”, “İdman jurnalistikası”, “İdman psixologiyası”, “İdmanda ingilis dili” və digər qısamüddətli təlim proqramları, eyni zamanda, “Beynəlxalq fitnes təlimatçısı”, “Tətbiqi kineziologiya” və “İdman travması profilaktikası və reabilitasiyası” üzrə təqdim olunan beynəlxalq sertifikat proqramlarının əhəmiyyətindən danışıblar.

Sonra akademiyanın strateji inkişaf qrupunun rəhbəri Şəms Mustafayeva AzDBTİA-nın strateji inkişaf hədəfləri, təhsil müəssisəsinin proqram meneceri Tükəzban Cəfərova isə ixtisasartırma proqramları haqqında məlumat veriblər.

Həmin kateqoriyadan