Bədii gimnastlar dünya kuboku ərəfəsində

İyulun 22-24-də bədii gimnastika üzrə dünya kubokunun finalı Azərbaycanın paytaxtında keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Bakı tamaşaçısı ilin əsas hadisəsi – Rio-2016-dan 2 həftə əvvəl dünyanın 22 ölkəsindən məşhur gimnastların çıxışlarını izləmək üçün imkan əldə edəcək.

Yarışların ilk iki günü 34 gimnast və 11 qrup hərəkətləri komandası medallar uğrunda çoxnövçülükdə mübarizə aparacaq. Kubokun son günü ayrı-ayrı alətlər üzrə final mərhələləri baş tutacaq. Bu il dünya kubokunun 9 mərhələsi keçirilib. Bakı finalında öncəki mərhələlərdə göstərilmiş ən yaxşı 4 nəticəyə əsasən birinci yeri tutan gimnastlar və qrupların xüsusi mükafatlandırma mərasimi keçiriləcək.

Azərbaycan idmançılarına gəldikdə isə yarışlarda İlk Avropa Oyunlarının gümüş medalçısı, Avropa çempionatının bürünc mükafatçısı, qarşıdan gələn Olimpiya Oyunlarının iştirakçısı Marina Durunda, eləcə də böyük gimnastlar sırasına yenicə qədəm qoymuş Avropa çempionatının gənclər arasında gümüş medalının sahibi Jalə Piriyeva iştirak edəcəklər. Siyana Vasileva, Ayşən Bayramova, Aleksandra Platonova, Diana Doman və Elif Zeynep Celep Azərbaycanı qrup hərəkətləri komandalarının yarışlarında təmsil edəcəklər.

Bu dəfə də bədii gimnastika həvəskarlarını quruluşu milli komandanın baş məşqçisi Mariana Vasilevaya məxsus möhtəşəm açılış (22 iyul) mərasimi, həmçinin məşhur idmançılarla yanaşı, Azərbaycan gimnastikasının gələcəyi olan gənc idmançıların çıxışlarının da nümayiş olunacağı ənənəvi qala-konsert (24 iyul) gözləyir.

Biletləri Milli Gimnastika Arenasının (MGA) kassası, eləcə də “Bazarstore” supermarketlər şəbəkəsindən (Xətai, “28 Mall”) əldə etmək olar. Biletlərin qiyməti 5-20 manat təşkil edir. Biletlər yarışların hər 3 gününə alındıqda, endirimlər təklif olunur. Tələbələr də xüsusi endirimdən yararlana bilərlər.

Həmin kateqoriyadan