Badminton federasiyasının hesabat-seçki konfransı

Badminton federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, GİN-in səlahiyyətli nümayəndəsi Dəniyar Teymurlu, ABF-nin prezidenti Mikayıl Cabbarov, federasiyanın rəsmi şəxsləri, idmançı və məşqçi heyəti iştirak edib.

Çingiz Hüseynzadə ötən 4 il ərzində Azərbaycan Badminton Federasiyasının kifayət qədər tərəqqi etdiyini bildirib. MOK-un vitse-prezidenti, xüsusilə badminton üzrə beynəlxalq turnirin Bakıda keçirilməsinin bu idman növünün gələcək inkişafı baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib. O, badmintonçumuzun 2-ci Avropa oyunlarına vəsiqə qazanmasını böyük nəticə olduğunu qeyd edib.

ABF-nin rəhbəri Mikayıl Cabbarov 4 il öncə ona göstərilən etimada görə MOK-a və GİN-ə təşəkkürünü bildirib və ötən illər ərzində görülən işlər barədə məlumat verib. Federasiya prezidenti qeyd edib ki, son illər dövlət başçısının dəstəyi ilə bu sahədə müəyyən irəliləyişə nail olunub. O, qazanılan nəticələrdə, bu idman növünün ölkəmizdə populyarlaşmasında milli olimpiya komitəsinin, gənclər və idman, təhsil nazirliklərinin rolunu xüsusi vurğulayıb.

Toplantıda ABF-nin baş katibi Nəsimi Musayevin hesabatı dinlənilib. Sonra seçki keçirilib. Konfrans nümayəndələri Mikayıl Cabbarovu yenidən federasiyasiyaya prezidenti seçiblər. Hesabat-seçki konfransında keçirilən səsverməyə əsasən Mirzə Orucov, Emin Zeynalov, Balakişi Qasımov növbəti 4 il müddətində federasiyanın vitse-prezidentləri, Nəsimi Musayev isə baş katib vəzifələrini icra edəcəklər.

Yığıncağın sonunda gündəlikdəki cari məsələlər müzakirə olunub. İnteraktiv şəkildə keçirilən iclasda məşqçilərlə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Gələcək üçün hədəflər müəyyənləşdirilib.

Həmin kateqoriyadan