Bakı biznes universitetində avroliqanın finalı ilə bağlı görüş

Avropa liqasının finalının keçirilməsi ilə əlaqədar yaradılmış əməliyyat qrupunun üzvləri tədbirə hazırlıq məqsədi ilə Bakı biznes universitetinin tələbə və müəllim heyəti ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, 200-dək tələbənin iştirak etdiyi görüşdə Avropa liqası ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqda təqdimat nümayiş olunub.

Sonra tədbirin təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsuliyyətli olan AFFA ilk dəfə olaraq özünün könüllülük proqramını təqdim edib. Proqram çərçivəsində təşkilati məsələlər ilə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi ustad dərslərin keçirilməsi planlaşdırılır.

Bu proqrama qoşularaq şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar əldə etmək və futbol dünyasının bir hissəsi olmaq istəyən hər kəs www.finalbaku2019.az/volunteer linkinə keçid edərək qeydiyyat formasını doldura bilər. Qeydiyyatdan keçmiş hər kəs 2019-cu ilin fevralında müsahibəyə dəvət ediləcək.

Müsabiqədən keçən könüllülər üçün təlimlər aprelin 1-dən mayın 18-dək keçiriləcək. Təlimlər əsasən ümumi (oyunlar və müştəri xidmətləri barədə məlumatlar), rol (vəzifə barədə təlim) və məkan (könüllünün fəaliyyət göstərəcəyi obyekt barədə təlim) istiqamətlərini əhatə edəcək.

Həmin kateqoriyadan