Bakı “İnter”inin keçmiş prezidenti: Ən sevimli komandamın çıxışını izləməyə son qoyuram

Bakı “İnter”inin keçmiş prezidenti Georgi Nikolov müsahibə verib. Allsport.az saytı xəbər verir ki, həmkarımızla söhbətdə o, şəxsi işi, doğma klubunda baş verən proses və ölkə futbolunda vəziyyətdən danışıb. Apasport.az-ın müsahibəsini təqdim edirik:

– Azərbaycanı tərk etdikdən sonra nə işlə məşğulsuz?
– Öz kiçik biznesimlə məşğul oluram. Əvvəl də bu işlərlə məşğul olmuşam.

– Futbol sahəsindən tam uzaq düşmüsüz?
– Bəli, artıq futbolla heç bir bağlılığım yoxdur.

– Bəs darıxmırsınız?
– Əlbəttə darıxıram (gülür).

– Futbola qayıtmaq haqda düşünmürsüz?
– Çətin. 10 il kifayət qədər zamandı ki, bu işdən yorulub, usanasan. Yəqin ki, bundan sonra sadə azarkeş kimi qalacağam.

– Səhhətinizdə problem yaranmışdı. İndi vəziyyətiniz necədi?
– Mənim xəstəliyim elədir ki, hər 6 aydan bir tam tibbi müayinədən keçməliyəm.

– Sadə azarkeş kimi qaldığınızı dediniz. Azərbaycan futbolunu da izləyirsizmi?
– Bəli, izləyirəm. “Qarabağ”ın çempionlar liqasında oyunlarına, həmçinin milli komandanın matçlarına baxıram. Təbii ki, artıq mövcud olmayan “İnter”də baş verənləri də izləyirəm. Amma nə etmək olar?

– Sizin çalışdığınız vaxt müqayisədə futbolumuzda nə kimi dəyişikliklər hiss olunur?
– Buna qiymət vermək çox çətindi. Özünüz fikir verin, hazırda yüksək liqada cəmi 8 komanda çıxış edir. Formal olaraq keçirilən 1-ci dəstədə neçə komandanın oynadığını dəqiq bilmirəm. “Xəzər Lənkəran” və “Bakı” kimi nəhənglər artıq yoxdur. “İnter” də əvvəlki səviyyəsindən uzaqdır. Yalnız “Qarabağ” və “Qəbələ” qalıb. “Neftçi” də turnir cədvəlində aşağı-yuxarı var-gəl edir. Bir sözlə, Azərbaycan futbolu xüsusi bir səviyyəsi ilə seçilmir.

– Vaxtilə çalışdığınız “İnter” klubu 2 gündən sonra rəsmən “Keşlə” adını daşımağa başlayacaq…
– Məlumatım var. Bu, çox üzücüdür. Ad məsələsi ilə bağlı fikrimi çoxdan bildirmişəm. Siz də bilirsiz ki, hələ neçə il əvvəl bu variantı bizə təklif etmişdilər. Onda mən qəti şəkildə imtina etdim. Təxminən 10 ildən sonra “İnter”i bezdirib, istəklərinə çatdılar. Bu, məyusedicidir. Çünki bu, həmin klub, həmin tarix deyil. Bu, sanki “İnter”in klonudur. Düzünü desəm, bununla, mən ən sevimli komandamın çıxışını izləməyə son qoyuram.

– Bu addımın azarkeşlərin sayının artmasına xidmət edəcəyini bildirirlər. Sizcə, keşləli futbol azarkeşləri “İnter” fanatına çevriləcəkmi?
– Deyə bilmərəm. Əgər onlar, həqiqətən, futbolu sevirlərsə, stadiona gedəcəklər. Belə isə ad dəyişmək heç nəyə təsir etmir.

– Sizə elə gəlmir ki, komandanın adının dəyişdirilməsi onun yaşamasına kömək edəcək və paytaxt klubu “Xəzər Lənkəran”la “Bakı”nın taleyini yaşamayacaq…
– Əsas məsələ klubun adının dəyişməsi yox, maliyyələşməsidir. Əgər onun arxasında biznes dayanırsa, həmin klub yaşayacaq. Müəyyən şirkətlər də həmin bu klubu saxlaya bilər. AFFA-nın verdiyi pulların hesabına “Keşlə” kimi yaşamaq isə heç nəyi dəyişmir.

– “Qarabağ”ın çempionlar liqasında çıxışını necə dəyərləndirirsiz?
– “Qarabağ” “Atletiko” kimi komandadan xal aldı. Demək olar ki, bu, istənilən komanda üçün xəyaldır. Ümumilikdə isə, onlar çempionlar liqasının qrupuna düşməyini haqq etmişdilər. “Qarabağ”ın gec-tez bunu edəcəyini gözləyirdim. Azərbaycan çempionuna uğurlar arzulayıram. Yəqin ki, “Qarabağ” yenə xallar qazanacaq.

– Millinin oyunlarını da izlədiyini dediniz. Hazırda Robert Prosineçkinin baş məşqçi postunda qalıb-qalmamağı məsələsi gündəmdədi. Sizin bu barədə fikriniz necədir?
– İlk növbədə, onun özündən soruşmaq lazımdır ki, qalmaq istəyirmi? Bildirim qədərilə, o, çoxdan bir sıra təkliflər alıb. Ümumilikdə, Prosineçki yaxşı məşqçidir. Azərbaycan yığmasının inkişafında müəyyən payı olub. Mənlik olsaydı, onu daha 4 il millidə saxlayardım. Tez-tez məşqçi dəyişmək də yaxşı hal deyil. Yeni çalışdırıcının gəlməsi, eyni zamanda, yeni futbolçuların, yeni sistemin gəlməsi və hər şeyin sıfırdan başlaması deməkdir. Buna görə də, Prosineçki postunda qalmalıdır.

Həmin kateqoriyadan