Bakı Olimpiya Stadionu ən yaxşı idman qurğusu kimi daha bir beynəlxalq mükafat alıb

Bakı Olimpiya Stadionu ən yaxşı idman qurğularından biri kimi beynəlxalq mükafatlar almaqda davam edir. Allsport.az saytının məlumatınaa görə, ölkənin ən böyük idman qurğusu dünyanın ən möhtəşəm tikililərindən biri kimi, beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Yüksək standartlara uyğun şəkildə tikilən və dizayn edilən stadion ən müasir texnologiyalarla və infrastrukturla təchiz olunub.

Layihə bir sıra parametrlərinə görə artıq iki ildir nüfuzlu beynəlxalq müsabiqələrin qalibi seçilir. Ötən il inşaat sahəsində böyük nüfuza malik “Engineering News Record” (ENR) jurnalının “İlin ən yaxşı inşaat və dizayn layihələri” müsabiqəsində “İdman və əyləncə qurğuları” nominasiyasında qalib gələn Bakı Olimpiya Stadionunun nailiyyətləri sırasına yeniləri əlavə olunur.

Stadion bu ilin martında Amerika Mühəndislik Şirkətləri Şurası (ACEC) tərəfindən struktur üzrə ən yaxşı layihə elan edilib. Amerikada mühəndislik xidmətləri şirkətlərini bir araya gətirən bu nüfuzlu təşkilat hər il birləşdirdiyi şirkətlərin iri layihələri arasında müsabiqə keçirir. Bakı Olimpiya Stadionu bu layihədə struktur üzrə mühəndislik xidmətlərini yerinə yetirmiş Tornton Tomasetti şirkətinin müraciəti əsasında iştirak edib. Mükafatlar martın 19-da Nyu-Yorkda keçirilən təntənəli mərasimdə təqdim olunub. Mərasimdə Bakı Olimpiya Stadionunun layihəsi Tornton Tomasetti şirkəti tərəfindən təmsil edilib.

Aprelin 19-da isə Amerika üzrə keçirilən tədbirdə struktur üzrə özünəməxsus nailiyyət əldə etmiş layihə kimi Bakı Olimpiya Stadionunun təqdimatı olub.

Həmin kateqoriyadan