Bakı Şəhər Halqasının təmir işləri ilə bağlı yeni açıqlaması

Məlum olduğu kimi, Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası (Baku City Circuit) gələn il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini həyata keçirir. Allsport.az xəbər verir ki, paytaxtın yarış trekinə daxil olan mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir.

Dekabr ayının 14-dən etibarən Puşkin küçəsinin Üzeyir Hacibəyov küçəsi ilə kəsişməsindən Azadlıq meydanına qədər olan yol asfalt örtüyünün təmirinə bağlanıb. Qeyd olunan yol bir həftə müddətinə bağlanır, lakin Hökümət Evinin qarşısındakı yeraltı avtomobil dayanacağının çıxışı açıq olacaq.

Bundan əlavə, Zərifə Əliyeva kücəsinin Bülbül prospekti və Səməd Vurğun küçəsi ilə kəsişmələri arasında yol qismən təmirdədir, lakin avtomobillərin hərəkəti tam məhdudlaşdırılmayıb. Qeyd olunan təmir işlərinin bitmə tarixi dəqiq məlum deyil.

Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və qran pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaqdır.

Həmin kateqoriyadan