“Bakı”da 2 futbolçu debüt edib

Premyer liqasının VII turu “Bakı” komandası üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, “Araz Naxçıvan”a 2:1 hesabı ilə qalib gələn “zolaqlılar”ın əsas heyətində 2 futbolçu debüt edib. Mövsümün ilk qələbəsində pay sahibi olan bu oyunçular klubun rəsmi saytına açıqlamalarında çıxışlarını dəyərləndiriblər.

Mahir Mədətov: “Həftə ərzində bu oyuna ciddi hazırlaşmışdıq. Qarşılaşmaya bir neçə gün qalmış bu matçda meydana çıxacağım ürəyimə dammışdı. Hətta oyunda vəziyyət yaxşı olmayanda meydana girəcəyimi hiss etmişdim. Elə də oldu. Rəqib hesabı bərabərləşdirdikdən sonra məşqçi mənə şans verdi. Matçı dəyişə biləcək fövqəladə bir oyun göstərdiyimi də deyə bilmərəm. Ümumilikdə ilk oyunumun uğurlu alındığı qənaətindəyəm. Futbolu öyrəndiyim klubun əsas komandasında oyuna çıxdığım üçün sevincliyəm”.

Valeh Seyidov: “Debütümdə komandanın qələbə qazanması məni sevindirdi. Növbəti oyunlarda meydanda olduğum dəqiqələrin sayını daha da artırmağa, çalışıb daha yaxşı mübarizə aparacağam. Qol isə özü gələcək”.

Həmin kateqoriyadan