Bakıda aerobika üzrə FİG akademiyasının məşqçilik kursu

Milli gimnastika arenasında aerobika üzrə FİG akademiyasının 2-ci dərəcəyə aid məşqçilik kursları keçirilir. Allsport.az saytı xəbər verir ki, AGF tərəfindən ölkəmizdə bu növ üzrə 2-ci dəfə təşkil olunan məşğələnin açılışında ekspertlər, iştirakçılar və federasiya nümayəndələri iştirak ediblər.

Kursların rəhbəri Avropa gimnastika ittifaqının aerobika üzrə texniki komitəsinin üzvü Olqa Kiseloviçova iştirakçılara ümumi məlumat verib. AGF-in baş katibi Nurlanə Məmmədzadə ekspert və iştirakçıları salamlayaraq, bu kursların əhəmiyyətindən danışıb. Tədbir Braziliyadan olan ekspert Katya Lemos və aerobika üzrə Azərbaycan yığmasının baş məşqçisi, ekspert Marian Kolev tərəfindən keçirilir.

Noyabrın 1-dək davam edəcək kurslarda Azərbaycan, Argentina, İran, Meksika, Moldova və Ukraynadan 19 mütəxəssis iştirak edir. Nəzəri və təcrübi hissələrdən ibarət kurslar ingilis və rus dillərində aparılır.

Qeyd edək ki, ötən il Bakıda aerobika gimnastikası üzrə 1-ci dərəcəyə aid məşqçilik kursları təşkil olunmuşdu.

Həmin kateqoriyadan