Bakıda arena polo üzrə dünya kuboku keçiriləcək

Ötən il ilk dəfə arena polo üzrə 1-ci Avropa çempionatını keçirən ARAF, 9-11 sentyabrda dünya kuboku təşkil edəcək. Allsport.az saytı xəbər verir ki, Binə Atçılıq Mərkəzində “Elit Atçılıq və Polo” klubda “Evviva Polo Club St.Moritz” (İsveçrə), “Santa Maria Polo Club Sotogrande” (İspaniya), “Alegria Polo Club Buenos Ayres” (Argentina) və “Elit Atçılıq və Polo klub Bakı” (Azərbaycan) komandalarına “Gilan Holding”, “Badrutt Palace St. Moritz”, “Bogner” və “İtaldizain Group” şirkətləri sponsorluq dəstəyi göstərirlər.

Yarışda yüz polo atı komandaların ixtiyarına veriləcək ki, onların 80-i Argentinadan, 20-si isə Qarabağ bölgəsindən gətirilib. Komandalar üç əsas idmançı və bir əvəzedici oyunçudan ibarət olacaq. Azərbaycan komandasının heyətində Tərlan Qurbanəliyev, Rəşad Həsənov, Elçin Camallı və Əli Rzayev yer alacaqlar. Komandamız yarışlara hazırlaşmaq üçün Argentinada keçirilən üç aylıq polo treninqində iştirak ediblər.

Artıq bir neçə ildir ki, ARAF Beynəlxalq Polo Federasiyası (BPF) ilə birlikdə yüksək səviyyəli arena polo üzrə turnirinin keçirilməsinə nail olur. BPF-nin prezidenti Reto Gaudenzi ARAF-ın prezidenti Elçin Quliyev tərəfindən federasiyanın polo üzrə beynəlxalq səviyyədə rəsmi nümayəndəsi təyin edilib. Elçin Quliyevin əməyi nəticəsində polo son dörd ildə Azərbaycanda beynəlxalq səviyyəyə çatdırılıb. 2015-ci ildə arena polo üzrə birinci Avropa çempionatında Azərbaycan komandasının qalibiyyəti buna ən parlaq misal ola bilər.

Dünya kuboku çərçivəsində paytaxtımızda “Bakı-Morits polo gecəsi” adlı tədbir təşkil olunacaq. Bakıdakı dünya kuboku yarışlarına sentyabrın 9-da saat 18:00-dan etibarən start veriləcək. Final oyunu və qaliblərin mükafatlandırma mərasimi isə sentyabrın 11-də keçiriləcək.

Qeyd edək ki, qədim çövkən oyununun vətəni olan Azərbaycan 2013-cü ildən etibarən Beynəlxalq Polo Federasiyasının üzvüdür. Son illərdə Azərbaycanın paytaxtında ARAF, BPF və “Elit Atçılıq və Polo” klubunun birgə təşkilatçılığı ilə üç uğurlu polo turniri keçirilib. Belə ki, Bakıda atçılığın polo növü üzrə iki dəfə dünya kuboku yarışları təşkil olunub. Yüksək səviyyədə keçirilmiş bu turnirlərdən sonra cari ildə Azərbaycan arena polo üzrə birinci Avropa çempionatına ev sahibliyi edib.

Həmin kateqoriyadan