Bakıda beynəlxalq turnir və seminar keçiriləcək

2015-ci il aprel ayının 25 və 26-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində kişilər arasında 3X3 basketbol üzrə beynəlxalq turnir keçiriləcək. Allsport.az xəbər verir ki, turnirdə 10 komanda iştirak edəcək: 5 yerli və 5 xarici.

Qonaq komandaların sıralarında 3X3 basketbol üzrə dünya reytinqində birinci olan serbləri və ilk üçlükdə yer alan rumınları qeyd etmək lazımdır. Oyunlar aprelin 25 və 26-sı saat 15:00-dan başlayacaq. Final oyununun keçirilməsi aprelin 26-da saat 19:00-da nəzərdə tutulub.

Eyni zamanda, göstərilən turnir çərçivəsində 12 (8 xarici və 4 yerli) hakimin və 15 nəfər texniki heyətin iştirakı ilə Beynəlxalq Basketbol Federasiyasının (FİBA) 3X3 basketbol üzrə “Ariva” otelində hakimlər seminarı keçiriləcək. Seminarın nəticələrinə əsasən 2015-ci il iyun ayında Bakıda keçiriləcək Avropa Oyunlarının 3X3 basketbol yarışlarında iştirak edəcək hakim heyəti müəyyən ediləcək.

Azərbaycan Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı və “Samsung” şirkətinin dəstəyi ilə keçiriləcək beynəlxalq turnir Avropa Oyunlarına hazırlıq məqsədi daşıyır.

Həmin kateqoriyadan