“Bakı”nın sabiq məşqçisi: Böyükağa Hacıyev tapıntıdır

Azərbaycan milli komandası və “Bakı” klubunun sabiq məşqçisi Elxan Abdullayevin azerisport.az-a müsahibə verib. Allsport.az saytı xəbər verir ki, həmkarımızla söhbətdə o, ölkə futbolunun indiki durumunu dəyərləndirib, yürli mütəxəssislərə dəstək nümatiş etdirib.

– Sizə elə gəlmir ki, azərbaycanlı məşqçiləri iki hissəyə bölmək olar: beynəlxalq arenada uğur qazanmış Böyükağa Hacıyevlə Qurban Qurbanov və digərləri?
– Mən belə düşünmürəm. Onların uğurlarına kölgə salmaq fikrim yoxdu. Bu iki mütəxəssis ölkə futbolunda öz izini qoyanlardandı. Amma bizim özünü sübut edə bilməyən başqa yaxşı məşqçilərimiz də var. Qurbanovu yaxşı məşqçi hesab edirəm. O, hazırda ən yaxşı günlərini yaşayır. Amma 5-6 oyun ardıcıl məğlubiyyətlə üzləşdiyi vaxtlar da olub. “Qarabağ” rəhbərliyinə təşəkkürümü bildirirəm ki, ona qarşı belə səbrli davrandılar, uğursuz günlərdə də ona dəstək çıxdılar. Qurbanov kimi məşqçi “Qarabağ” kimi komanda ilə altı ildən sonra çempion ola bildi. Bunu niyə deyirəm? Azərbaycanda hər klub baş məşqçisinə bu qədər şans vermir. Digər məşqçilərimizə də oxşar münasibət olsaydı, onlar da nəticə verə bilərdilər. Ona görə də digər mütəxəssislərimizin özlərini göstərə bilməməsinin belə və digər məlum səbəbləri var.

– Yəni, Qurbanovla Hacıyevi fərqləndirmək olmaz?
– Qurbanov hazırda yerli mütəxəssislər arasında Azərbaycan yığmasını çalışdırmağa ən yaxşı namizəddir. Amma bu, o demək deyil ki, qalanları heç kimdir. Digər mütəxəssislərimizi də siyahıdan silməməliyik. Bizim Ağasəlim Mircavadov, Vaqif Sadıqov, Şahin Diniyev, İqor Ponomaryov kimi məşqçilərimiz var. Onların hər biri futbolumuzda iz qoyub. Hansı azərbaycanlı məşqçi hansısa klubda 3 ildən çox çalışıb?

– Böyükağa Hacıyev qısa müddət ərzində həmin uğurlara nail olub…
– Hacıyev tapıntıdır. Mən hərdən onun klubdakı uğurlarını təhlil edirəm. Amma onun bu uğurunun heç bir izahı yoxdur. Sanki bir nonsens yaranır. O, “Bakı”nı çempion edən mövsüm son 8 oyunda qalib gələrkən hətta köməkçisi də yox idi. Hacıyev Azərbaycan futbolunun fenomenidir. Sonra “Neftçi” kimi çətin komanda ilə uğur qazandı. Hansı ki, bu komandanın az qala hər məğlubiyyəti faciə kimi qiymətləndirilir. Həm də o, ilk azərbaycanlı məşqçidir ki, hansısa komandamızı avrokubokların qrup mərhələsinə çıxarıb.

– Digər məşqçilər bəzən bu iki mütəxəssislə bağlı tənqidi fikirlər də səsləndirirlər. Sizcə, onların buna haqqı var?
– Mən etik cəhətdən ümumiyyətlə həmkarlarımı tənqid etməyi xoşlamıram. Biz bir-birimizi ancaq dəstəkləyə bilərik. Məsələn, hansısa mütəxəssisin işində çatışmazlıq görürsənsə, onu ictimaiyyətə açıqlamaqdansa, həmin məşqçinin özünə demək daha düzgün olar.

– Mahir Şükürov millimizin sabiq baş məşqçisi Berti Foqtsun yığmadakı köməkçilərinin fikrini öyrənmədiyini, öz bildiyini etdiyini deyib. Sizcə, o, bunda haqlıdır?
– Tənqid sanki ona xoş deyildir. Foqts yaxşı və təcrübəli məşqçidir. Amma onun Azərbaycandakı işində müəyyən çatışmazlıqlar var idi. Belə insanlar elə hesab edir ki, onlara kənardan göstəriş və ya məsləhət verilməməlidi. O, belə bir adam idi. Lakin deməzdim ki, Foqts ümumiyyətlə köməkçilərinin fikrinə hörmət duymurdu. Biz birgə çalışanda məni çağırırdı və müəyyən məsələlərlə bağlı fikir mübadiləsi aparırdı. Digər məşqçilərlə bağlı vəziyyətin necə olduğunu deyə bilmərəm. Bəlkə də bizim məşqçilərə güvənmirdi.

Həmin kateqoriyadan