“Baku alovları” mövsümə qələbə ilə başladı

“Baku Fires” Ümumdünya Boks Seriyasının (WSB) 5-ci mövsümünə inamlı qələbə ilə başlayıb. Allsport.az saytının məlumatına görə, komandamız Quba Olimpiya Kompleksində “İtalia Thunder”i 4:1 hesabı ilə məğlub edib. Görüşdən sonra “Baku Fires”in baş meneceri Rizvan Gənciyev jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, qələbəyə öncədən inanıb:

“Düzü əvvəlcədən də bilirdik ki, 49 kq çəki dərəcəsində döyüş bizim üçün çətin olacaq. Bu çəkidə bir az çətinliyimiz var. Həm də gənc Məhəmməd İbiyevin rəqibi Olimpiya oyunlarının 2 qat bürünc mükafatçısı, Avropa çempionu Patrik Bars idi. İrlandiya boksçusu çox təcrübəli bir idmançıdır. Amma buna baxmayaraq, İbiyev əlindən gələni etdi. Sonadək rəqibinə müqavimət göstərməyə çalışdı. Digər çəki dərəcələrindəki boksçularımız çox yaxşı çıxış etdilər. Rəqibin heyətində Olimpiya oyunlarının iki mükafatçısı – Konlan və Mangiakapreni müvafiq olaraq, Məhəmməd Qurbanov və Heybətulla Hacəliyev məğlub etdi. Adı son çəkilən boksçunu xüsusi ilə qeyd etmək istərdim. O, bu gün çox yaxşı təsir bağışladı. Təcrübəli İtaliya boksçusunu 2 dəfə noqdauna saldı.

Bu mövsüm boksçularımız sonadək əzmlə mübarizə aparmalıdırlar. Çünki WSB liqasından 17 idmançı Rio Olimpiadasına lisenziya qazanacaq. Yəni boksçular bu məqsəd üçün motivasiya olmalıdırlar. Yarışa yaxşı hazırlaşmağımız üçün bizə hər bir şərait yaradan Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərova təşəkkür edirəm. İnanıram ki, “Baku Fires” klubunun boksçuları Azərbaycan milli komandasının heyətində həm Avropa Oyunlarında, həm də dünya çempionatında çıxış edəcəklər. Ən əsası isə Olimpiadaya vəsiqə qazana biləcəklər”.

 

Həmin kateqoriyadan