“Baku Fires” – “Astana Arlans” görüşü üçün heyətlər bəlli oldu

Yanvarın 31-də, saat 19:00-da Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 3-cü turunun görüşü keçiriləcək. Allsport.az xəbər verir ki, Azərbaycanın “Baku Fires” klubu Qazaxıstanın “Astana Arlans” komandası ilə qarşılaşacaq.

Komandaların heyətləri artıq məlumdur:

“Baku Fires” – “Astana Arlans”
49 kq. Rəsul Saliyev – Temirtas Jusupov
56 kq. Məhəmməd Qurbanov – Nursultan Koşequlov
64 kq. Heybətulla Hacəliyev – Asxat Ualixanov
75 kq. Jaba Xositaşvili – Meyrim Nursultanov
91 kq. Rahil Məmmədli – Vasili Levit

Bu dəfə komandamızın heyətində iki boksçu WSB liqasında debüt edəcək. Bunlar Rəsul Saliyev və Rahil Məmmədlidir. Məmmədli bu ay keçirilən Azərbaycan çempionatında yalnız final görüşündə təcrübəli Teymur Məmmədova uduzub. 91 kq çəki dərəcəsində mübarizə aparacaq həmyerlimiz finalda 2009-cu ilin Asiya çempionu Vasili Levitlə üz-üzə gələcək. Digər debütant Saliyev üçün də asan olmayacaq. O, Qazaxıstan çempionu, 2013-cü il Asiya çempionatının qalibi Jusupovla görüşəcək.

Ualixanovun da WSB-də böyük təcrübəsi var. Qazaxıstan boksçusu hələ 2013-cü ildə o vaxt “Baku Fires”in şərəfini qoruyan Osman Əliyevi məğlub etmişdi.

“Astana Arlans” klubu cari mövsümdə hər iki görüşünü qələbə ilə başa vurub. İlk turda Almatıda Venesuela komandasını 5:0 hesabı ilə məğlub edən qazaxlar 2-ci turda səfərdə “Rafako Hussars Poland”ı 3:2 hesabı ilə üstələmişdi.

“Baku Fires” isə ilk turda Qubada “İtalia Thunder” üzərində 4:1 hesablı qələbə qazansa da, ötən həftə səfərdə Venesuela klubuna 2:3 hesabı ilə uduzdu.

Bu həftə qrupumuzda USA Knockouts Caciquez Venezuela-nı, Rafako Hussars Poland Argentina Condors-u, İtalia Thunder isə Puerto Riko Hurricanes-i qəbul edəcək.

Ümumdünya Boks Seriyasının V mövsümündə 16 komanda iki qrupda mübarizə aparacaq. Azərbaycan komandası B qrupunda “İtalia Thunder”lə yanaşı, “Astana Arlans”, “Argentina Condors”, “Caciques Venezuela”, “Puerto Rico Hurricanes”, “Rafako Hussars Poland” və USA Knockouts klubları ilə gücünü sınayacaq.

A qrupunda isə Əlcəzair, Böyük Britaniya, Çin, Kuba, Meksika, Mərakeş, Rusiya və Ukrayna klubları yarışacaq.

Bu mövsüm 3 yeni komanda – Mərakeş, Venesuela və Puerto klubları WSB liqasına qoşulublar. Bundan başqa, Çin və Böyük Britaniya yenidən bu yarışda iştirak etməyə razılıq verib.

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidir. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.

Xatırladaq ki, “Baku Fires” ötən mövsüm Ümumdünya Boks Seriyasında yalnız finalda “Cuba Domaderos” klubuna uduzaraq, 2-ci nəticə göstərmişdi.

Həmin kateqoriyadan