“Baku Fires”in baş meneceri: Sıradan komandaya uduzmamışıq

“Baku Fires”in baş meneceri  “Astana Arlans”la görüşdən sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Allsport.az saytı xəbər verir ki, həmkarlarımızla söhbətdə, Rizvan Gənciyev məğlubiyyətə geniş aydınlıq gətirib:

– Sizə elə gəlmir ki, Jaba Xositaşvili rəqibinə sırf taktiki cəhətdən uduzdu? Çünki o gücünü bütün raundlara bərabər şəkildə bölə bilmədi. Artıq 2-ci raunddan sonra yorulduğu görünürdü.
– Əslində 75 kq-da əsas boksçumuz Nikolay Veselova şans vermək istəyirdik. Ancaq o italiyalı boksçu ilə döyüşdə qulağından zədələnmişdi. Və məşqçilərə dedi ki, hələ də ağrıları var. Bu səbəbdən risk etmək istəmədik. Veselov 75 kq çəki dərəcəsində Olimpiya oyunlarına lisenziya qazana bilər. . Xositaşvilinin öncədən görüşə çıxması planlaşdırılmırdı. O, cəmi 1 həftə tam hazırlıq keçdi. Bəlkə də döyüşə yaxşı köklənə bilmədi. Ötən il Nursultanov 69 kq çəki dərəcəsində çıxış edirdi. Və Yevgeni Romaşkeviç çətinlik çəkmədən onu məğlub etmişdi. Uduzduğumuza görə çox da məyus deyilik. Çünki güclü komandaya məğlub olmuşuq. Qazaxlar hazırda qrupda liderdir. Ümumiyyətlə, bu ölkə hazırda dünya boksunda liderlik edir. Sıradan adi komandaya uduzmamışıq. Bundan sonra döyüşlərə daha yaxşı hazırlaşacağıq.

– Bu məğlubiyyət hədəflərinizə təsir göstərməyəcək?
– Yox. Əsas məqsədimiz bəzi çəki dərəcələrində Olimpiadaya vəsiqə qazanılmasıdır. Komanda uğuruna ciddi önəm vermirik. Çünki qrup mərhələsinə aprelin sonunda yekun vurulacaq. İyunda isə Avropa Oyunları keçiriləcək. Belədə boksçuların həmin yarışadək bərpa olunması məsələsi gündəmə gəlir. Məşqçilər qarşısına ən azı 3 lisenziyanın əldə edilməsi tapşırığını qoymuşuq.

– Mətbuat konfransında Rahil Məmmədlinin döyüşə hazır olduğunu demişdiz…
– 91 kq-da əsas boksçumuz Abdulqadir Abdullayev əlindən zədələndi. Belaruslu Leonid Çernobayevin adını isə texniki problemlərdən vaxtında sifariş ərizəsinə sala bilmədik. . Bu üzdən Rahilə şans verdik. Bu çəkidə heç bir boksçunu rinqə çıxarmasaydıq, AİBA bizi cərimələyə bilərdi. Komandadan xal da silinə bilərdi. Məmmədli iki raund pis mübarizə aparmadı. Amma gəncdir, təcrübəsi azdır. Həm də 2 gün əvvəl düşərgəmizə gəlib.

– Teymur Məmmədovu çağırmaq olmazdı?
– O milli komandanın heyətində Macarıstanda keçiriləcək beynəlxalq turnirə hazırlaşır. Onsuz da Rahilin təcrübəli Vasili Levitə qalib gələcəyini gözləmirdik. Bizimlə məşq etmək imkanı olmamışdı. Məşqçilər onun yorulduğunu görüb, döyüşü davam etdirməyin mənasız olduğunu bildirdilər. O fiziki cəhətdən bu döyüşə hazır deyildi. –

Heyətə mövsümün gedişində əlavələr etmək mümkündü?
– Bəli. 5 yerli boksçunu komandamıza cəlb edə bilərik. Ancaq bundan sonra əcnəbi boksçuları heyətə qatmaq imkanımız yoxdu. Məşqçilər buna qərar verəcək. Onlar izləyirlər yarışları. Və kim lazımdırsa, çağıracaqlar.

– Ardıcıl 2 məğlubiyyətdən sonra qubalıların görüşlərinizə marağının azalacağını düşünmürsüz?
– Yox, belə fikirləşmirəm. Hamı gördü ki, heç bir boksçu rəqibə asanlıqla təslim olmadı. . Demək olar ki, hamı sonadək döyüşdü. İdmanda hər zaman qalib gəlmək mümkün deyil. Yenə deyirəm, əsas hədəfimiz lisenziyalar qazanmaqdı.

– Qarşılaşma başa çatdıqdan sonra baş məşqçi ilə emosional söhbətiniz oldu. Nə haqda danışırdız?
– Sonuncu döyüş haqda söhbət etdik. Talibov dedi ki, Veselov komanda Venesuelaya yollananda döyüşə bilməyəcəyini bildirib. Məşqçi bu üzdən Jabanı görüşə yaxşı hazırlaşa bilmədiyini söylədi.

Həmin kateqoriyadan