Başı bəlalı “Neftçi”dən bəyanat

“Neftçi” son uğursuzluqlar və azarkeşlərlə bağlı yaşanan olaylar üzündən bəyanat yayıb. Allsport.az saytı xəbər verir ki, yazıda bunlar qeyd olunub:

“Bu mövsüm Avropa liqasındakı son oyunumuzda uğursuz nəticə həm bizi, həm də azarkeşlərimizi çox məyus edib. Bu səbəbdən azarkeşlərimiz tərəfindən gələn reaksiyanı klub rəhbərliyi, məşqçilər və futbolçular normal qarşılayır.

Lakin istər klub rəhbərliyinin, istər məşqçilərin, istərsə də futbolçuların və onların ailə üzvlərinin təhqir olunması yolverilməzdi. Bildiririk ki, sosial mediada yazdığınız hər bir təhqir məşqçi və futbolçu heyətinin ailə üzvləri tərəfindən oxunula bilər. Bu isə xoşagəlməz halların yaranmasına gətirib çıxarır, komanda üzərində əlavə təzyiqlər yaradır, futbolçuların toparlanmasına mane olur.

Baqali Dabonun sosial mediadakı son paylaşımları ilə əlaqədar klub rəhbərliyi futbolçu ilə görüşüb, ciddi söhbət aparılıb və daxili intizam kodeksinə uyğun olaraq müvafiq addımlar atılıb. Həmçinin futbolçulara və məşqçilər heyətinə mətbuata veriləcək açıqlamalarda, azarkeşlərlə bağlı məsələlərdə daha diqqətli olmaları nəzərlərinə çatdırılıb.

Klubda gedən hər bir proses nəzarət altındadı. İstəyirik ki, azarkeşlərimiz də hәmişәki kimi komandanın yanında olsunlar. Həmişə olduğu kimi hədəfimiz çempionluqdu. Bu mövsüm birlikdə buna nail olmağa çalışacağıq. Biz qələbələr üçün var gücümüzlə sonadək döyüşəcəyik. Çәtin yolda komandanın ruhu həm də sizdәn asılıdı! Azarkeşlərimizi bizimlə bir güc olmağa səsləyirik”.

Həmin kateqoriyadan