Amal ABIŞOV
Başı dərdli baş katib

AFFA-nın baş katibi Elxan Məmmədovun baş dərddədi. Onun indi gecə-gündüz dua etməsi, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yerli futbolçularının başına dönməsi lazımdı. Özü də bunu çox gözəl anlayır. Təsadüfi deyil ki, artıq yerlilərin qiymətini daha çox bilməyə, onlara can yandırmağa başlayıb. Daxilindən gəlməsə də, gözdən pərdə asmaq üçün etsə belə. Onun Belçikayla oyunda zədələnən qapıçımız Məmməd Hüseynova baş çəkmək üçün tələm-tələsik xəstəxanaya getməsi də bunun əlamətidi. Hiss edir ki, Portuqaliya ilə oyundakı rəzalətin fəsadları ağır olacaq.

Çoxdandı ki, futbola canlı baxmaq üçün stadionlara gəlməyən ölkə başçısı İlham Əliyev portuqaliyalı qonaqların bizimkiləri “kötəkləməsi”nə cəmisi 24 dəqiqə tamaşa edə bildi. Əhvalı elə korlandı ki, 16 dəqiqə daha səbr edib, hakimin final fitinin səslənməsini gözləmədi. Bu qəzəbli gedişin AFFA rəhbərliyi üçün yaxşı perspektiv vəd etmədiyi gün kimi aydındı. Millimiz Belçikayla oyunda da məğlub olsaydı, Avropa çempionatı bizim üçün daha erkən bitəcəkdi. Sonuncu turdan öncə riyazi baxımdan qrupdan çıxmaq, mübarizəni davam etdirmək şansımız var. Amma hadisələrə real baxanda şotlandlarla qarşılaşmanının Təbriz Həsənov və onun komandası üçün qitə çempionatında sonuncu olduğunu təxmin etmək çətin deyil.

Elxan Məmmədov şükr etməlidi ki, çempionatın ilk oyunda “unutduqları” yeniyetmələr həmin gün “şirə” dönmüşdülər. Pilağa Mehdiyev Belçikanın cərimə meydançasının qarşısında sona qədər mübarizə apardı, rəqibin futbolçularının başını döndürəndən sonra Murad Mahmudovu görə bildi. Sonuncu da onun ötürməsini tora qovuşdurmaqla ürəyi Azərbaycan millisiylə döyünən hər kəsi ayağa qaldırdı. Bu nəticə AFFA-nın kütləvi legionerləşdirmə siyasətinin iflası, Təbriz Həsənovun ona verilən tapşırıqlardan kənara çıxa bilməməsinə görə dilinə gətirdiyi bəhanələrin necə uydurma olduğunu bir daha isbatladı.

Üzərində üçrəngi bayrağımızın həkk olunduğu forma üçün can qoyanlar, meydanın hər qarışında mübarizə aparanlar xalis azərbaycanlı balaları idi. Rəqibin hesabı açdığı epizodda “milliləşdirilmiş” Hüseyn Seyliqlinin buraxdığı kobud səhv isə “Azərbaycanda bu səviyyəli yarışda oynamağa layiq futbolçu yoxdu” düşüncəsini kökündən darmadağın etdi. Bundan sonra belə ehtiyatsız, cəfəngiyat fikirlərdən uzaq durun. Şəxsi mənafeləriniz naminə Azərbaycan futbolunun gələcəyini məhv edən terror siyasətindən bir dəfəlik əl çəkməli olduğunuzu artıq qəbul edin. Bizim üçün ölkəmizin adı, futbolumuzun nüfuzu bu cür korporativ maraqlardan öndədi. O səbəbdən də üzümü U-17-nin futbolçularına tuturam. Sizin qarşınıza qrupdan çıxmaq tapşırığının qoyulması reallıqla uzlaşmayan pafosdan başqa bir şey deyildi. Bu psixoloji təzyiqdən xilas olun, Portuqaliya ilə oyundakı biabırçılığı da unudun. Belçikayla qarşılaşmadakı kimi meydanda can qoyun, yalnız sizin ürəyiniz və məharətiniz sayəsində millimiz qrup sonuncusu olmaqdan qurtula bilər. Bununla həm də AFFA-nın dərdli baş katibini “məhşər ayağı”ndan, sonu ağır cəzalarla bitə biləcək sorğu-suallardan da xilas etmiş olarsız (Rekord.az).

 

Həmin kateqoriyadan