Batut gimnastikası üzrə ilk dünya kubokunda 15 ölkə iştirak edəcək

Gimnastika federasiyası yeni rəqabətə hazırlaşır. Allsport.az saytı xəbər verir ki, növbəti olimpiya dövrünün batut gimnastikası üzrə ilk dünya kuboku fevralın 18-19-da Milli Gimnastika Arenasında keçiriləcək. 15 ölkədən 85 batutçu və tamblinqçi iki gün ərzində 2017-ci ildə qüvvəyə minən yeni qaydalar əsasında gərgin mübarizə aparacaq. Yarışların birinci günündə təsnifat, növbəti günündə isə final mərhələləri olacaq.

Azərbaycanı bu yarışlarda fərdi və sinxron proqramda İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov, Svetlana Makştarova, Veronika Zemlyanaya və tamblinq cığırında Mixail Malkin təmsil edəcəklər.

Ölkəmizdə 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə mötəbər tədbir – dünya kuboku artıq ikinci dəfədir təşkil olunur. Tamblinq üzrə dünya kuboku isə Azərbaycanda ilk dəfə təşkil olunacaq. Gimnastika yarışlarının daim yüksək səviyyədə təşkil olunması bu mötəbər turnirlərin də bir çox yeniliklərlə yadda qalacağını deməyə əsas verir.

Tamaşaçılar havada pərvazlanan ulduz batutçu və tamblinqçilərin təqdimatında maraqlı mübarizənin şahidi olmaqla yanaşı, əyləncəli müsabiqələrdə və fləşmoblarda da iştirak edə biləcəklər.

Həmin kateqoriyadan