ÖZƏL
Beynəlxalq federasiya AzHF-i cəzalandırıla bilər

Maliyyə problemi üzündən millimiz DHL-in 3-cü raundunda iştirak etməyib
Rio olimpiadasından imtina edən otüstü hokkeyçilərimiz, Avropa çempionatına da getmir?

Qadın otüstü hokkeyçilərdən ibarət millimiz çətin vəziyyətdədir. Uzun müddət uğur üçün çalışan, ardıcıl 2 dəfə Yay Olimpiya oyunlarında mübarizənin bir addımlığında dayanan «ay-ulduzlular»ımız, indi benəlxalq arenadan təcrid olunmaq təhlükəsindədir.

Fevralda Uruqvayın paytaxtı Montevideoda təşkil olunan Dünya Hokkey Liqasının 2-ci raundunda bürünc medal qazanan Azərbaycan komandası, 3 təsnifat yarışın yekununda Rio olimpiadasına vəsiqə imkanını davam etdirdi. Bunun üçün seçmə kollektiv iyunun 20-də Belçikanın Antverpen şəhərində keçirilən DHL-in sonuncu, 3-cü mərhələsində iştirak etməli və ən azından 2 qələbə qazanmalı idi. Püşk millimizi «A» qrupunda güclü Niderland, Koreya, Yaponiya və İtaliya komandalarına rəqib etmişdi. Amma təəssüf olsun ki, qızlarımız bu tale sınağına qatılmadı. Gəzən söz-söhbətə görə, səbəb yığmamıza maliyyənin ayrılmamasıdır. Məntiqlə, bu inandırıcıdır. Başqa hansı maneə ola bilərdi ki? Əgər vaxtında vizanın alınmaması və ya başqa bəhanə gətirilirsə, bu artıq qeyri-peşəkarlıqdan xəbər verir. Xülasə, ya vəlvələdən, ya zəlzələdən, hansı səbəndəndirsə, bu barədə ictimaiyyətə rəsmən hesabat verilməlidir.

Belçikada Azərbaycan komandasının əvəzinə, Montevideoda 3:2 qalib gəldiyimiz Fransa otüstü hokkeyçiləri yollandı. Firənglər bütün görüşləri böyük hesabla uduzaraq, yalnız 1 qol vura billiblər. Son duruma əsasən, artıq Koreya, Böyük Britaniya, Çin, Almaniya, Niderland, Avstraliya və Argentina Rio-2016-ya vəsiqə qazanıblar. 5 lisenziyanın taleyinə isə yaxınlarda aydınlıq gələcək.

Yeri gəlmişkən, 18-26 iyulda Praqa Avropa çempionatı təşkil olunacaq. Təqvimdə hər 2 yığmamızın adı yer alıb. Əldə etdiyimiz məlumata görə, istər kişi, istərsə də qadınlardan ibarət komandalarımıza maliyyə ayrılmaması səbəbindən, Çex Respublikasına səfər də sual altındadır. Gənclər və İdman Nazirliyinin illik vahid təqvim planında bu yarışları təmin edən və məsuliyyət daşıyan 3 təşkilat göstərilib: AHF, GİN və AzHF.

Narahat doğuran məsələ bundadır ki, millimiz bu çempionatda iştirak etməsə, beynəlxalq qurumun cəzası ilə üzləşə bilər. Nəticədə, komandalarımız müəyyən müddətə beynəlxalq arenalarda iştirakdan məhrum olunacaq, cərimələnəcək və yığdığımız reytinq silinəcəklar. İndiki vəziyyətdə, qızlarımız 591 xalla dünya sıralamasında 19-cu, kişilərimiz 27-cidir (335). Bu, digər top komanda idman növlərimizlə müqayisədə çox yüksək göstəricidir! Nəzərdən qaçırmayaq ki, ölkə klub idmanı tarixində ilk dəfə Avropa Çempionlar Liqasının finalına vəsiqə qazanan məhs qadın otüstü hokkyeçilərdən ibarət «Atasport» olub.

Həmin kateqoriyadan